Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini dekabrın 17-də məhkəmə prosesi başlayan Abzas Media jurnalistlərinə və Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb.
Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” ilə bağlı həbs olunan jurnalistlərin hazırlıq iclası keçirilib.
“Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadə və Azərbaycanın ən tanınmış antikorrupsiya araşdırma orqanı olan Abzas Medianın altı üzvünün məhkəməsi Azərbaycan hökumətinin ötən bir ildə ölkənin aparıcı müstəqil jurnalistlərinin böyük hissəsini həbs etmək üçün qisas xarakterli cinayət ittihamlarından istifadə etməsinin təcəssümüdür”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said bildirib.
Korrupsiya araşdırmaları ilə tanınan Abzas Media xəbər saytına qarşı təqiblər 2023-cü ilin noyabrında başlayıb. Saytın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də saxlanılıb. Həmin gün onun evində və Abzas Medianın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.
Həsənli ilə eyni gündə saytın direktor müavini Məhəmməd Kekalov, növbəti gün isə Abzas Medianın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.
Daha sonra jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Bu il mayın 30-da isə “Abzas Media işi” üzrə iqtisadçı, Azadlıq Radiosunun əməkdaşı Fərid Mehralızadə də saxlanılıb.
Təqsirləndirilən jurnalistlər ötən gün məhkəmədə günahsız olduqlarını, cinayət təqibinin peşə fəaliyyətləri ilə əlaqəli olduğunu deyiblər.
“Dedilər ki, korrupsiya araşdırmaları apardıqlarına görə təqib olunurlar. Hətta bildirdilər ki, məhkəmə zalında biz yox, bizim barələrində korrupsiya araşdırması apardığımız məmurlar olmalıdır”, vəkil Şəhla Hümbətova bildirib.
Jurnalistlər saxlanılarkən “qaçaqmalçılıq”da ittiham edilsələr də, sonradan onların hamısına qarşı “qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma, sənədlərin saxtalaşdırılması” kimi ümumilikdə yeddi yeni maddə ilə ittihamlar da irəli sürülüb.
Jurnalistlər Müdafiə Komitəsi qeyd edib ki, ötən ilin noyarbrından etibarən Azərbaycanın ən tanınmış müstəqil medialarından olan jurnalistlərin əksəriyyəti Azərbaycanla Qərb arasında münasibətlərin tənəzzülü fonunda Qərbin maliyyə dəstəyi ilə bağlı oxşar valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edilib.
“Azərbaycan hakimiyyəti Mehralızadə və Abzas Media əməkdaşları da daxil olmaqla hazırda məhkəmədə olan və ya məhkəməni gözləyən iyirmiyə yaxın jurnalistə qarşı ittihamları dərhal ləğv etməli və hamısını azad etməlidir”, Gülnoza Said əlavə edib.
Azərbaycanda jurnalistlərə və fəallara qarşı 2023-cü ilin sonlarından başlayan təqiblərin dayandırılmasına dair çoxsaylı çağırışlara baxmayaraq, azərbaycanlı rəsmilər fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Rəsmi Bakı daha əvvəl bir neçə dəfə jurnalistlərə və fəallara qarşı cinayət işlərinin siyasi motivli olduğuna dair fikirlərin “kökündən yanlış və qəbuledilməz” olduğunu bəyan edib.
Ancaq yerli hüquq müdafiə təşkilatlarına əsasən, Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbus var.
Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.