“Freedom Now” beynəlxalq insan hüquqları təşkilatı “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimovu dərhal azad etməyə çağırır.
Bu barədə təşkilatın bəyanatında deyilir.
“Bir il əvvəl dekabırn 11-də jurnalist Teymur Kərimov Azərbaycanda siyasi motivli ittihamla həbs edilib. O, hazırda ölkədə həbsdə olan iyirmiyə yaxın jurnalistdən biridir”, “Freedom Now” bildirib.
Təşkilat hesab edir ki, o həbsdən azad edilməlidir.
“Biz onu dərhal azad etməyə və Azərbaycandakı bütün siyasi məhbusları azad etməyə çağırırıq”, bəyanatda qeyd edilib.
“Kanal 11” İnternet Televiziyasının rəhbəri, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Teymur Kərimova qarşı cinayət işinə baxış hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Kərimov keçirilən məhkəmə prosesinin ədalətli olmadığını deyir.
Məsələ ilə bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.
Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11”İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ilə ittiham olunur.
Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.
Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.