Dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Abzas Media işi” ilə bağlı həbs olunan jurnalistlərin hazırlıq iclası keçirilib. Prosesi işıqlandırmaq üçün gələn jurnalistlər məhkəməyə buraxılmayıblar. “Abzas Media”nın həbsdə olan jurnalistləri bununla bağlı vəsatət qaldırıblar.
Bununla yanaşı, məhkəmədə cinayət işinə xitam verilməsi, işin əlavə istintaqa qaytarılması və həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatətlər verilib, lakin bu vəsatətlər də təmin olunmayıb. Məhkəmə yalnız müttəhimlərin vəkillərinin yanında oturması ilə bağlı vəsatəti təmin edib.
Jurnalist Nərgiz Absalamovanın vəkili Şəhla Hümbətova bildirib ki, qanunsuz yolla əldə edilmiş sübutların iş materiallarından çıxarılması ilə bağlı da vəsatət verilib, məhkəmə bu vəsatəti də təmin etməyib.
“Biz müşahidə etdik ki, xeyli sayda prosesi müşahidə etmək üçün jurnalist gəlib, lakin demək olar heç biri zala buraxılmadı. Bununla bağlı vəsatət verildi ki, jurnalistlərin zala buraxılması təmin olunsun, növbəti iclasda yəqin məhkəmə bu məsələyə qayıdacaq. Təqsirləndirilən şəxslərin özləri də narazı olduqlarını, məhkəmədə bu işə aidiyyəti olmayan şəxslərin əyləşdirildiyini dedilər. Bizim israrımızdan sonra ictimaiyyət və ailə üzvləri üçün yerlər boşaldıldı”, o deyib.
Təqsirləndirilən jurnalistlər məhkəmədə günahsız olduqlarını, cinayət təqibinin peşə fəaliyyətləri ilə əlaqəli olduğunu deyiblər.
“Dedilər ki, korrupsiya araşdırmaları apardıqlarına görə təqib olunurlar. Hətta bildirdilər ki, məhkəmə zalında biz yox, bizim barələrində korrupsiya araşdırması apardığımız məmurlar olmalıdır” - deyə, Hümbətova əlavə edib.
Növbəti məhkəmə prosesi dekabrın 28-ə təyin olunub.
“Abzas Media” işi ilə bağlı nə baş verib?
“Abzas Media” ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub. İstintaqın həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub. Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə “Abzas Media” işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və “Abzas Media” ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə “Abzas Media işi” üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Noyabrın 18-də Sərhədsiz Reportyorlar təşkilatı jurnalistlərə qarşı pis rəftarı qınayıb və onların azad edilməsinə dair çağırışını yeniləyib.
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Maykl O’Flaherti də Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbsi ilə bağlı narahatlıq ifadə edib, onların azad edilməsinə çağırıb.
Rəsmi Bakı isə jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir, ölkədə bütün hüquq və azadlıqların təmin edildiyini bəyan edir.