Təbrizdə iki milli fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib

Hüseyn İsmayılzadə və Nima Radməniş

Dekabrın 15-də Təbrizdə azərbaycanlı milli fəallar Nima Radməniş və Hüseyn İsmayılzadə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

Onlar eyni gündə, lakin ayrı-ayrı yerlərdə, ailələrinin yaşadığı evlərdə saxlanılıblar. Əvvəllər bu fəalların izlənildiyi və həbs cəhdlərinin uğursuz olduğu barədə məlumat yayılmışdı.

Hələlik onların həbs edilməsinin səbəbləri və irəli sürülən ittihamlar açıqlanmayıb.

Noyabrın 28-də təhlükəsizlik qüvvələri hər iki fəalı həbs etməyə çalışmış, lakin bu cəhdlər uğursuz olmuşdu.

Hüseyn İsmayılzadənin iş yerinə edilən basqın zamanı o orada olmadığı üçün həbs edilməmişdi. Nima Radmənişin evinə edilən basqın da onun evdə olmaması səbəbindən nəticəsiz qalmışdı.

SEE ALSO: Təhlükəsizlik qüvvələrinin Təbrizdə iki milli fəalı həbs etmək cəhdi uğursuz olub

Son dövrlərdə Təbrizdə milli fəallara qarşı təzyiqlərin artdığı müşahidə olunur. Noyabrın 23-də digər türk fəallar Cavid Nəzmi və Vəhid Əbhəri də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

Bu həbslər bölgədə milli fəallara qarşı təzyiqlərin artması kimi qiymətləndirilir.