Tofiq Yaqublunun qızı: Bütün faktlar sübut edir ki, onun heç bir günahı yoxdur

Tofiq Yaqublu məhkəmədə “Putinin Navalnını öldürdüyü kimi Əliyevin də planı məni həbsxanada öldürməkdir” şüarı qaldırıb

Dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun növbəti məhkəmə prosesi baş tutub. Məhkəmədə istintaq materiallarının tətqiqi keçirilib. Siyasətçinin qızı Nigar Həzi bildirib ki, məhkəmədə atasının həbsinə əsas olacaq heç bir sübut təqdim edilmir:

"Heç bir sənəd, heç bir şey üst-üstə düşmədi, heç bir fakt olmadı. Tofiq Yaqublunun hakim Elnur Nuriyevin istintaq materiallarını oxuyaraq səsləndirdiyi hər şeyə cavabı var idi. O, hamısını faktlarla sübut edirdi ki, hakim yalan danışır".

Nigar Həzinin sözlərinə görə, dekabrın 14-də Tofiq Yaqublunun həbsindən 1 il ötür, bu müddət ərzində keçirilən bütün məhkəmələrdə yalnız bir vəsatətdən başqa Yaqublunun heç bir vəsatəti təmin edilməyib.

"Mobil operatorların anten dairələrinin çıxarışından bilmək olar ki, nə vaxt ona zəng gedib, həmin ərəfələrdə kimlərlə danışıb. Məhkəmə həmin sorğunun göndərilməsində maraqlı deyil, çünki bilirlər ki, bu sorğu getsə faktlar daha da üzə çıxacaq. Tofiq Yaqublu ilə Elnur Məmmədovun heç bir əlaqəsi yoxdur. Bütün faktlar sübut edir ki, Tofiq Yaqublu günahsızdır, o, şərlənib", deyə siyasətçinin qızı qeyd edib.

Növbəti məhkəmə prosesi dekabrın 29-da təyin olunub.

Your browser doesn’t support HTML5

Tofiq Yaqublunun qızı: Bütün faktlar sübut edir ki, onun heç bir günahı yoxdur

Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

İttiham aktında deyilir ki, Tofiq Yaqublu Elnur Məmmədovla cinayət əlaqəsinə girərək, özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək üçün sövdələşib. İddia olunur ki, Tofiq Yaqublu zərərçəkmiş kimi tanınan Elşən Hüseynovdan Almaniyada vətəndaşlıq verilməsi üçün 25 min avro, 10 min manat pul istəyib. Elnur Məmmədov isə həmin vəsaiti alaraq Tofiq Yaqubluya verdiyini deyir.

Tofiq Yaqublu isə bu iddiaları qəbul etmir və həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır.

Yerli və beynəlxalq təşkilatlar siyasətçini siyasi məhbus kimi tanıyıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.