Azərbaycan Demokrat Firqəsinin (ADF) Təbrizdə Seyyid Cəfər Pişəvərinin öndərliyi ilə qısa ömürlü Azərbaycan Milli Hökumətini qurmasından 79 il keçir.
Politoloq və siyasi fəal Teoman Aktan Amerikanın Səsi ilə söhbətində ADF-nin İranın müasir tarixindəki əhəmiyyəti və iranlı aydınlar və siyasilərin həmin dönəmə baxışları haqqında danışıb. Aktan müsahibədə ADF-yə qarşı mənfi kampaniyaları İran hakimiyyətinin türk kimliyini marginallaşdırma və türkləri siyasi sahədən kənarlaşdırma siyasətinin bir parçası olduğunu önə çəkib.
Your browser doesn’t support HTML5
“Bu gün geriyə baxdığımızda İranın çağdaş tarixində türklərin, özəlliklə də Azərbaycan Demokrat Firqəsinin rolu olduqca çarpıcıdır. Bizim demokratlar həm öz milli kimliklərini müdafiə edib, həm də İran üçün və bölgəmiz üçün geniş bir demokratikləşmə perspektivi təqdim ediblər,” politoloq vurğulayıb.
O, İranda ADF-yə olan fərqli baxışlara diqqət çəkərək deyib ki, “bu hərəkat iranlı aydınlar arasında fərqli təsvir olunub. Özəlliklə sol görüşlü aydınların bir qismi Azərbaycan Demokrat Firqəsini sinfi bərabərlik mücadiləsinin bir modeli olaraq önə çıxarıb amma onun milli azadlıq vurğusunu görməzdən gəliblər. Başqa tərəfdən, mərkəzi idarəyə yaxın aydınlar ADF-ni ümumiyyətlə bir bölücülük hərəkatı kimi təqdim ediblər və firqənin tezisləri və reformlarını etibarsızlaşdırmağa çalışıblar.”
SEE ALSO: “21 Azər” - Təbriz mərkəzli Azərbaycan Milli Hökumətinin yaradılmasının 79-cu ildönümüAktan ADF-yə qarşı yürüdülən mənfi kampaniyaların İran hakimiyyətinin türk kimliyini marginallaşdırma strategiyasının bir parçası olduğunu ifadə edib:
“Önümüzdə belə bir gerçək var ki, ADF-yə qarşı bu mənfi kampaniyalar və bu şantajlar əslində İran mərkəzi hakimiyyətinin türk kimliyini marjinallaşdırma strategiyasının bir parçasıdır. Yəni, İran siyasət sahəsində türk kimliyi sistematik bir şəkildə nifrət obyekti halına gətirilib ki, siyasi sahədən kənarlaşdırılması rahatlaşsın. Bu etibarsızlaşdırmanı tarixi gerçəkləri təhrif edərək gerçəkləşdiriblər və nəticədə türklərin İrandakı siyasi hərəkəti təhlükəli bir ünsür kimi təqdim edilib.”
Teoman Aktan İranın müasir tarixində Seyyid Cəfər Pişəvəri və ADF-nin digər liderlərinin “qaralama siyasətinin tam mərkəzində yer aldıqlarını” önə çəkib. Onun sözlərinə görə, “Pişəvəri və onun kimiləri ADF-nin sosial və siyasi anlamını kölgədə buraxmaq məqsədi ilə hədəf alınıblar.”
SEE ALSO: Əmir Mərdani: İran Azərbaycanında övladlarına türk adı seçənlərə belə pan-türkist damğası vurulurKeçən aylarda İranda bəzi siyasətçilər və media mənsubları İran prezidenti Məsud Pezeşkianın türk fəallarla görüşməsi, eləcə də bəzi sözlərini önə çəkərək onu pan-türkist qruplara yaxın olmaqda tənqid edib və fəaliyyətləri ilə Seyid Cəfər Pişəvərini xatırlatdığını irəli sürüblər.
Aktanın dediklərinə görə, “İranın çağdaş tarixindəki bu qaralama siyasəti hələ davam edir. Türk siyasi şəxsiyyətlər bənzər təhdid alğıları ilə qarşı-qarşıyadırlar. Məsələn yaxın dönəmdə hətta İran prezidenti Pezeşkianın Pişəvəri ilə müqayisə edilməsi onu türk məsələsindən uzaq tutmaq yönündə olub və bu siyasətin indiki örnəyidir. Pezeşkianın bir təhdid kimi göstərilməsi və onu türklərdən uzaq tutmaq üçün tez-tez Pişəvəri ilə qarşılaşdırılması əslində İran siyasətində, mediasında və siyasi çevrələrində sıxca istifadə edilən strategiyadır. Bu qarşılaşdırılmalar türk kimliyini ölkədə milli güvənlik problemi kimi göstərir. Başqa tərəfdən də türklərin siyasətdəki yerini zəifləşdirməyə çalışır. İrandakı türk siyasi fiqurların şeytanlaşdırılması və siyasi hərəkatının düşmənləşdirilməsi türk kimliyinin siyasətdən və ictimai sahədən tamamən təcrid edilib və təsirsizləşdirilməsi amacına xidmət edir.”