Azərbaycan müdafiə naziri Zakir Həsənov ölkədə səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Ziya Cemal Kadıoğlu ilə görüşüb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, görüşdə son zamanlar dünyada baş verən münaqişələrin, müasir döyüş üsullarının birgə təhlil olunması və öyrənilməsinin zəruriliyi xüsusi vurğulanıb, həmçinin hərbi, hərbi-texniki əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 15 ildir davam edən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclasının müsbət nəticələrindən danışılıb.
Məlumatda düeyilir ki, müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb. Ermənistanın yenidən silahlandırılmasının regionda sülhün və sabitliyin qorunmasına mənfi təsir etdiyini vurğulayıb.
“Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirən nazir hərbi əməkdaşlığımızın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qardaş ölkənin hərbi sənayesinin günü-gündən inkişaf etməsinin qürurverici məqam olduğunu bildirib”, məlumatda deyilir.
Öz növbəsində Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Kadıoğlu ölkələr arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə yönəldilmiş hərbi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Sonra Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanın müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev və müdafiə nazirinin müşaviri Bəxtiyar Ersay görüşüb.
Baş Qərargahda keçirilən görüşlər zamanı hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin keçirilməsinin, qoşunların uyarlılığının təmin olunmasının vacibliyi qeyd edilib.
Səfər çərçivəsində türkiyəli nümayəndələr Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı Namiq İslamzadə ilə görüşüb.
Görüşdə Azərbaycan Ordusunda həyata keçirilən islahatlardan danışılıb, peşəkar kadr hazırlığı məqsədilə hərbi təhsil sahəsində əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb, eləcə də birgə hərbi əlaqələrin inkişaf istiqamətlərinə dair müzakirələr aparılıb.
Üç il əvvəl iyunun 15-də Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi müttəfiqliyi rəsmiləşdirən Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıb.
Bəzi təhlilçilər bəyannamənin regionda yeni geosiyasi ab-hava yaranması üçün əsaslar yaratdığını hesab edir. Onların fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənmə xətti üzrə inkişaf edir.
Müxalifət və bir sıra ictimai təşkilatlar hətta Azərbaycanı Türkiyə ilə hərbi ittifaq yaratmağa səsləyir.
Bu yaxınlarda Amerikanın Səsinə müsahibə verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi müttəfiq münasibətlərinin daha da güclənəcəyi gözlənilir.