Fotojurnalist Əhməd Muxtar 20 sutka həbs edilib

Əhməd Muxtar

“Meydan TV”-nin jurnalistləri ilə eyni vaxtda saxlanılan fotojurnalist Əhməd Muxtar dekabrın 8-də 20 sutka inzibati həbs cəzasına məhkum edilib.

O, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə təqsirli bilinib.

Bu barədə onun jurnalist həmkarları bildiriblər.

Dekabrın 8-də Xətai Rayon Məhkəməsində “Meydan TV işi” ilə bağlı həbs olunanların məhkəmə prosesi keçirilib. Məhkəmə “Meydan TV”-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova), saytın əməkdaşları Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova və müstəqil jurnalist Ramin Deko barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Jurnalistlərin hamısı “qaçaqmalçılıq” ittihamını rədd edib və cinayət işini jurnalist fəaliyyətləri ilə əlaqələndiriblər.

Həmin cinayət işi üzrə həbs olunan media əməkdaşı Ülvi Tahirov barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.