Suriyada üsyançıların irəliləyişləri və Türkiyə, İran və Rusiya arasında münasibətlərin dinamikası

  • Dorian Jones

Your browser doesn’t support HTML5

Türkiyənin dəstəklədiyi Suriya üsyançılarının sürətli qələbələri Suriyada 13 ildir davam edən vətəndaş müharibəsində əsas xarici oyunçular olan Türkiyə, İran və Rusiya arasında gərginliyin artması təhlükəsini yaradır. Bununla belə, bəzi təhlilçilər diplomatiyanın üstün gələcəyini proqnozlaşdırır. İstanbuldan Amerikanın Səsinin müxbiri Dorian Cons ətraflı məlumat verir.

Suriya üsyançılarının Dəməşq qüvvələrinə qarşı sürətlə irəlilədiyi vaxt İranın xarici işlər naziri Abbas Arakçi bu həftə türkiyəli həmkarı Hakan Fidan ilə danışıqlar aparıb.

Suriyalı üsyançıları dəstəkləyən Türkiyə Dəməşqlə dialoqa çağırıb, Hakan Fidan isə bildirib ki, indi bu danışıqlara Suriya müxalifəti də daxil edilməlidir.

Lakin son zamanlar Suriyada hərbi əməliyyatların aktivləşməsi Ankara ilə Tehran arasında fikir ayrılıqlarını bir daha vurğulayır.

İstanbulda Marmara Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Bilgehan Alagöz: “İran administrasiyası səylərinin çoxunu Əsəd rejimi üzərində daha çox təsir imkanlarına malik olmağa yönəldir. Onlar çox ehtiyatlıdırlar və Türkiyə ilə Əsəd arasında mümkün dialoqa müqavimət göstərirlər. İran Türkiyənin düşməni olmaya bilər, amma Türkiyə ilə dostcasına davranmır”.

Moskvanın da Tehran kimi Suriyada itirəcəyi çox şey var. Rusiya Suriyada Rusiya donanmasına mühüm bazadan istifadə etməyə icazə verən Suriya prezidenti Bəşar Əsədin mühüm hərbi dəstəkçisidir.

Bonn Universitetində tarix professoru və Rusiya üzrə mütəxəssis Zaur Qasımov: “Moskva və İran üçün Əsədin hakimiyyətdə qalması son dərəcə vacibdir. Rusiya tam yəqinliklə öz hərbi gücündən, hərbi hava qüvvələrindən istifadə edə bilər və nəticədə çox sayda mülki itkilər ola bilər. Bu isə yeni miqrant dalğası deməkdir”.

Bir milyondan çox suriyalı qaçqın Türkiyə sərhədinin o biri tərəfində, Suriyanın üsyançıların nəzarətində olan İdlib vilayətində düşərgə salıb. Türkiyə artıq dörd milyondan çox qaçqına ev sahibliyi edir. Təhlilçilər Rusiyanın yeni köçə səbəb olacaq hər hansı hücumuna Ankaradan cavab veriləcəyini bildirir.

Türkiyənin hökumətyönlü beyin mərkəzi olan SETA Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun eksperti Murat Aslan: “Türkiyənin eyni mövqedə qalmayacağına dair bir xətt var. Yəni birbaşa olaraq Türkiyənin maraqlarını və ya təhlükəsizliyini təhdid edən bir hadisə olarsa, Türkiyə müdaxilə edəcək”.

Suriyada vətəndaş müharibəsində müxalif tərəfləri dəstəkləmələrinə baxmayaraq, Türkiyə və Rusiya bu fikir ayrılıqlarını aradan qaldırmağa müvəffəq olub və liderlər yaxın münasibətləri qoruyub saxlayıblar.

İki ölkənin lideri çərşənbə axşamı telefon söhbəti zamanı Suriyada vəziyyəti müzakirə edib.

Təhlilçilər hər iki tərəfin münasibətləri Suriyaya görə itirmək istəməyərək, çox vacib hesab etdiyini deyir.

Bonn Universitetində tarix professoru və Rusiya üzrə mütəxəssis Zaur Qasımov: “Moskva buna görə Rusiya üçün dünya siyasətində son dərəcə böyük əhəmiyyət kəsb edən Türkiyə ilə əməkdaşlığını təhlükə altına salmyacaq. Moskva və Ankara siyasi praqmatizm nümayiş etdirəcək və fikir ayrılıqlarını bir-biri ilə danışıqlar yolu ilə həll etməyə çalışacaqlar”.

Rusiya, Türkiyə və İran Astana prosesi çərçivəsində əvvəllər Suriya məsələsində əməkdaşlıq ediblər. Təhlilçilərin fikrincə, bütün tərəflər Suriyada uzanan münaqişənin diplomatik yolla həllində maraqlı olarsa, Astana prosesi yenidən canlandırıla bilər.