ABŞ Dövlət katibi: Biz repressiyalara qarşı çıxmalı, insan hüquqlarını müdafiə etməliyik

“Mən Ukraynada Rusiyanın zorakılıqları, vətəndaş cəmiyyəti və mediaya, siyasi məhbuslara qarşı repressiyalar, ATƏT regionunda “xarici agent” qanunlarının yayılması ilə bağlı narahatlıqları müzakirə etmək üçün hüquq müdafiəçiləri ilə görüşdüm.”

Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken X platformasında qeyd edib.

“Biz qəti şəkildə repressiyalara qarşı çıxmalı, insan hüquqlarını müdafiə etməliyik”, o bildirib.

Dekabrın 6-da ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən iclası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdüyü bildirilir.

İclasda Azərbaycan vətəndaş cəmiyyətini siyasi mühacirətdə olan hüquq müdafiəçisi Emin Hüseynov təmsil edib.

Hüseynov Amerikanın Səsinə bildirib ki, görüş zamanı o, Azərbaycanda insan haqlarının vəziyyətinin pisləşməsi, fəalların və jurnalistlərin həbsi, o cümlədən hüquq müdafiəçisi Rüfət Səfərovun son həbsindən danışıb.

Hüseynovun sözlərinə görə, Blinken Səfərovun həbsindən xəbərdar olduğunu deyərək, Vaşinqtonda Azərbaycanda haqsız yerə həbs edilən şəxslərin işlərinin diqqətlə izlənildiklərini bildirib.

Görüşdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn də iştirak edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və onun saxlanılması bununla bağlıdır.

Rüfət Səfərov sosial mediada özünün xahişi ilə yazıldığı bildirilən bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Xatırladaq ki, Azərbaycanın hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda 319 siyasi məhbus var. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri özünü təqsirli bilmir, həbslərinin tənqidi baxışları, peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini ədalətsiz həbsdə olan şəxsləri azad etməyə çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.