Azərbaycan-NATO əlaqələrinin inkişafı müzakirə edilib

NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Gunnstein Bruasdalın rəhbərlik etdiyi nümayəndə heyəti "15-ci NATO günləri" tədbiri çərçivəsində Azərbaycana səfər edib.

Müdafiə Nazirliyinin məlumatına görə, o, hərbi təhsil müəssisələri və "N" hərbi hissəsini ziyarət edib.

Daha sonra NATO nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitut, İnstitutun Hərb Oyunları Mərkəzində olub.

Burada onlar 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən keçirilən “Təlim və məşq kursu”nu izləyiblər.
Sonra NATO nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrinin "N" hərbi hissəsini ziyarət edib.

Görüşdə Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolundan, Azərbaycan Ordusunda aparılan islahatlardan danışılıb, maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
Sonda nümayəndə heyəti NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramına bəyan edilmiş Dənizdə qadağa əməliyyatları üzrə göyərtə-axtarış qrupunun döyüş hazırlığı üzrə məşğələsini izləyib.

Azərbaycan-NATO əlaqələri

NATO-nun Azərbaycanla əməkdaşlığı əks etdirən rəsmi məlumatında deyilir ki, NATO Azərbaycanla təhlükəsizlik, müdafiə islahatları və terrorla mübarizə də daxil olmaqla, bir çox sahələrdə əməkdaşlıq edir. Ölkənin islahatlar səylərinə dəstək NATO üçün prioritetdir.

NATO ilə münasibətlər 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına üzv olması ilə başlayıb. İkitərəfli əməkdaşlıq isə Azərbaycanın 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramına qoşulması ilə başlayıb.

NATO və Azərbaycan 2008-ci ildə NATO standartlarını ölkənin Peşəkar Hərbi Təhsil (PME) müəssisələrinin tədris metodologiyalarına və kurikulumlarına inteqrasiya etmək üçün birgə razılaşdırılmış Müdafiə Təhsilinin Təkmilləşdirilməsi Proqramı (DEEP) üzərində işə başlayıb.

DEEP həmçinin Azərbaycanda yeni yaradılmış dil tədris mərkəzini dəstəkləyir.

1999-2008-ci illərdə Azərbaycan qoşunları NATO-nun Kosovodakı sülhməramlı qüvvələrinin tərkibində olub.

Azərbaycan 2002-ci ildən 2014-cü ilədək, NATO-nun rəhbərlik etdiyi əməliyyatın sonuna qədər Əfqanıstanda NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə fəal dəstək verib. Ölkə həmçinin təlim, məsləhət və yardım məqsədilə növbəti Qətiyyətli Dəstək Missiyasını dəstəkləyib. Əfqanıstan təhlükəsizlik qüvvələri və NATO-nun Əfqanıstan Milli Ordusu Etimad Fonduna töhfə verib.

Azərbaycan hazırda NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesi, əməliyyatlarda iştirak, meydana gələn təhlükəsizlik təhdidləri kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır.