Milli fəal Vəhid Əbhəri müvəqqəti olaraq azadlığa buraxılıb

Milli fəallar Vəhid Əbhərini həbsxana qarşısında qarşılayıb. (Foto: “Demokratlar” Telegram kanalı)

Milli fəal Vəhid Əbhəri dekabrın 3-də məhkəmə prosesi yekunlaşana qədər Təbrizin Mərkəzi Həbsxanasından müvəqqəti olaraq girov qarşılığında azadlığa buraxılıb.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada verdiyi məlumata görə, Təbrizdə yaşayan milli fəal Vəhid Əbhəri 200 milyon tümən girov qarşılığında azad edilib. Onunla birlikdə həbs olunan digər türk fəal Cavid Nəzmi də daxil olmaqla, bir qrup fəal Təbriz həbsxanasının qarşısında müvəqqəti azadlığa çıxan Əbhərini qarşılamağa gedib.

“Demokratlar” Telegram kanalının məlumatına əsasən, Vəhid Əbhəri dindirilmə zamanı fiziki və psixoloji işgəncələrə məruz qalıb. Nəticədə onun qolları və barmaqları xəsarət alıb.

Vəhid Əbhəri və Cavid Nəzmi 23 noyabrda Təbrizdə həbs edilərək təhlükəsizlik qüvvələrinin təcridxanasına aparılıb. Əbhəri noyabrın 28-də təcridxanadan Təbriz həbsxanasına köçürülüb və təqribən bir həftədən sonra mülki girov qarşılığında müvəqqəti azadlığa buraxılıb. Fəallara qarşı irəli sürülən ittihamlarla bağlı hələlik hər hansı məlumat yoxdur.

Vəhid Əbhərinin həbsindən sonra təhlükəsizlik qüvvələri onun valideynlərinin evinə basqın edərək bir sıra şəxsi əşyalarını müsadirə etmişdi. Basqın zamanı yaşlı valideynlərin ciddi qorxu və narahatlıq keçirdiyi bildirilib.

Vəhid Əbhəri uzun illərdir İranda azərbaycanlıların milli hüquqları uğrunda dinc fəaliyyətləri ilə əlaqədar olaraq dəfələrlə təzyiqlərə məruz qalıb.