Hüquq müdafiəçisi Rüfət Səfərova ittiham irəli sürülüb

Your browser doesn’t support HTML5

"Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərova qarşı cinayət məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq işləri aparılır.

Dekabrın 3-də "Müdafiə Xətti" hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov saxlanılıb.

"O, bu gün saat 17 radələrində evə gələrkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Onu kimin və hansı səbəbdən saxladığı, harada olduğu bəlli deyil. Hazırda ona zəng çatmır", onun atası Eldar Sabiroğlu məlumat verib.

Rüfət Səfərovun sosial media hesabında özünün xahişi ilə yazıldığı bildirildiyi paylaşımda onun heç bir əsas olmadan, tamamilə cəfəng və uydurma ittihamla saxlanıldığı bildirilir.

“Bəri başdan bildirirəm ki, ittiham tamamilə şər və böhtandır, hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlıdır. Hadisə barədə detalları vəkillərim açıqlayacaq”, deyə, hüquq müdafiəçisi qeyd edib.

Səfərovun atasının sözlərinə görə, insan hüquqlarının müdafiəsinə görə ABŞ Dövlət katibi Antoni Blinken ABŞ-da ona mükafat təqdim edəcəkdi, bunun qarşısını almaq üçün oğlu həbs olunub.

"Oğlum cinayətkar deyil, peşəkar fəaliyyətinə görə saxlanılıb. Bu gün viza almışdı, Amerikaya gedəcəkdi. İnsan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinə görə Blinken ona mükafat təqdim edəcəkdi. Ona görə tutublar Rüfəti", Eldar Sabiroğlu deyib.

Daxili İşlər Nazirliyi Amerikanın Səsinə açıqlamasında bildirib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə baş verib və bununla bağlı araşdırma aparılır.

Rüfət Səfərov Zərdab rayon Prokurorluğunun müstəntiqi vəsifəsindən istefa verməsi barədə 2015-ci il dekabrın 21-də Baş Prokurora ərizə yazıb. O, bu addımı iqtidarda olan Yeni Azərbaycan Partiyasının fəallarından olan atası Eldar Sabiroğlunun Prezident Adminsitrasiyasının rəhbərini kəskin tənqid etməsi nəticəsində mənəvi təzyiqlərə məruz qalmasından sonra atıb.

2016-cı ilin yanvarın 15-də isə Rüfət Səfərov Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Səfərov məhkəmə zalında həbs olunub. Məhkəmədə Rüfət Səfərov ittihamı qəbul etmədiyini bildirib, "absurd və gülməli" adlandırıb.

Yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.

O, 2019-cu ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə azadlığa buraxılıb.

Rüfət Səfərov hazırda 2020-ci ildə təsis olunmuş "Müdafiə xətti" hüquq müdafiə təşkilatının həmtəsisçisidir. "Müdafiə xətti" Azərbaycanda insan haqlarının qorunması və dəstəklənməsi, hüququn aliliyinin təmin edilməsinə yardım məqsədilə yaradılıb.

Dövlət rəsmiləri isə bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.