Ombudsmanın nümayəndələri "Abzas Media" işi üzrə həbs edilən jurnalistlərlə görüşüb

Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova

Azərbaycan Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Bakı İstintaq Təcridxanasına baş çəkmə zamanı "Abzas Media" internet nəşrinin həbsdə olan jurnalistlərlə görüşüb.

Ombudsman Aparatının məlumatında deyilir ki, MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxslər, o cümlədən jurnalistlər Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib, bəzi müraciətləri yerində təmin olunub. Qəbul edilmiş şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib.

Başçəkmənin yekununda təcridxananın rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.

"Abzas Media" nəşrinin həbsdə olan qadın jurnalistləri bir neçə gün öncə Ombudsmanla görüş xahiş etmişdilər.

Bununla yanaşı, “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistləri Nərgiz Absalamova və Elnarə Qasımova ötən həftə saxlanıldıqları təcridxanadan ictimaiyyətə məktub ünvanlayıb. Məktubda 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən “pozuntu halları və həbs edilmiş şəxslərin saxlanıldığı ağır şərait”dən bəhs edilir.

Müraciətdə qadın məhbusların ərzaqla, yataq ləvazimatları və gigiyenik vasitələrlə təminatında yol verilən qanunsuzluqlar barədə qeyd edilib.

Öz növbəsində, Penitensiar Xidmət jurnalistlərin məktubunda yer alan iddialarla bağlı Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, qeyd edilən iddialar tam əsassızdır.

“İstintaq altında olan şəxslərin statusu məhkumlardan fərqlidir, həbsdə saxlanılan bütün qadınlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada gigiyena, geyim və yatacaq ləvazimatları ilə, həmçinin gündə 3 dəfə keyfiyyətli qida ilə təmin edilirlər”, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsi qeyd edib.

Bundan öncə "Abzas Media" internet nəşrinin həbsdə olan direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı saxlanıldıqları təcridxanadakı işgəncə halları və qanunsuzluqlar iddia olunan məqalələrlə çıxış edib.

"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub.

Daha sonra direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.

Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı Fərid Mehralızadə saxlanılıb.

Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.

Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilib.

Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.

Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.