Ukrayna prezidenti deyir ki, NATO-ya üzv olmaq müharibənin “qaynar mərhələsinə” son qoya bilər

Ukrayna Prezidenti Volodimir Zelenski deyir ki, NATO-ya qəbul edilmək Rusiyanın apardığı “müharibənin qaynar mərhələsinə” son qoya bilər.

Noyabrın 29-da yayımlanan Sky News-a müsahibəsində Zelenski Ukraynanın işğal olunmamış əraziləri NATO-nun himayəsi altına düşərsə və alyansa qoşulmaq dəvətində Ukraynanın beynəlxalq sərhədləri tanınarsa, atəşkəs barədə düşünməyə hazır olacağına işarə edib.

Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib və 2022-ci ilin fevralında tam-miqyaslı müdaxiləyə başlayandan bəri Ukrayna ərazisinin 20 faizini işğal edib.

“Biz müharibənin qaynar mərhələsinə son qoymaq istəyiriksə, nəzarətimiz altında olan Ukrayna ərazisini NATO çətiri altına almalıyıq,” Zelenski deyib və əlavə edib ki, o zaman ölkənin işğal olunan şərq hissələri “diplomatik yolla” geri alına bilər.

Bu, ABŞ prezidenti seçilən Donald Tramp Birləşmiş Ştatların Rusiya hərbi münaqişəyə başlayandan bəri Ukraynaya milyardlarla dollar verməsini tənqid etməsindən sonraya təsadüf edib.

Tramp həmçinin deyib ki, o, Ağ Evə dönəndən sonra 24 saat ərazində müharibəyə son qoya bilər. Onun bu açıqlaması Ukraynanın hazırda Rusiyanın işğalı altında olan ərazisini təslim etməli olacağı kimi şərh olunub.

Tramp bu həftənin əvvəlində uzun müddət müdafiə məsələləri üzrə müşaviri olan təqaüddə olan ordu general-leytenantı Kit Kelloqu Ukrayna və Rusiya üzrə xüsusi elçisi vəzifəsinə nominasiya edib.

Kelloq ukraynalılara danışıq masasına oturmasalar, ABŞ-ın yardımının dayanacağını, Rusiya Prezidenti Vladimir Putinə isə o, danışıq masasına oturmadığı halda Birləşmiş Ştatların ukraynalılara “sizi döyüş meydanında öldürmək üçün ehtiyacları olan hər şeyi” verəcəyini deməyi dəstəkləyib.

Rusiya son bir neçə ayda Ukrayna şəhərlərinə dron, raket və idarə olunan bombalarla hücumlarını artıraraq, tələfatlara səbəb olub və soyuq mövsüm yaxınlaşdığı bir vatxda enerji infrastrukturuna ziyan vurub.

Bu ayın əvvəli BMT-nin yüksək səviyyəli rəsmisi Rosmari DiKarlo xəbərdarlıq edib ki, Moskvanın Ukraynanın enerji infrastrukturunu hədəf alması bu qışın üç il öncə “müharibə başlayandan bəri ən sərt” şəkildə keçməsinə səbəb ola bilər.

Ukrayna, Rusiyanın hərbi müdaxiləsinə qarşı ən böyük xarici dəstəkçisi olan ABŞ Prezidenti Co Bayden administasiyası və Kyivin avropalı müttəfiqləri ona Rusiya daxilindəki hədəflərə qarşı uzun-mənzilli raketlərdən istifadə etməsinə icazə verəndən sonra bir neçə dəfə əks hücuma keçib.