İsrailin şənbə günü Qəzza zolağında bir maşına endirdiyi hava zərbəsi nəticəsində World Central Kitchen təşkilatının əməkdaşları daxil olmaqla, beş nəfər həlak olub. İsrail ordusu hədəf aldığı World Central Kitchen təşkilatı əməkdaşının HƏMAS-ın müharibəyə səbəb olan hücumunda iştirak etdiyini bildirib. Xeyriyyə təşkilatı isə bildirib ki, bununla bağlı “təcili olaraq əlavə təfərrüat” istəyir.
World Central Kitchen təşkilatı elektron məktubunda bildirib ki, “hava hücumu səbəbilə sarsılıb” və onun maşında olan hər hansı insanın iddia olunduğu kimi 7 oktyabr hücumu ilə əlaqəsi olduğuna dair məlumatı olmayıb. Təşkilat Qəzzada əməliyyatlarına fasilə verdiyini bildirib.
Xeyriyyə Təşkilatının Qəzzada yardım çatdırma əməliyyatları bu ilin əvvəlində İsrailin hava hücumu nəticəsində, əksəriyyəti əcnəbi olmaqla, yeddi əməkdaşının öldürülməsindən sonra müvəqqəti dayandırılmışdı.
İsrail ordusu açıqlamasında bildirib ki, 7 oktyabr hücumunda iştirak etdiyi iddia olunan şəxs World Central Kitchen təşkilatı ilə işləyib. Ordu “beynəlxalq icma və World Central Kitchen administrasiyasının yüksək vəzifəli rəsmilərini buna aydınlıq gətirməyə” çağırıb.
Qəzzada zorakılıqlar İsraillə Hozbullah arasında atəşkəsind, bir neçə pozuntu halları istisna olmaqla, davam etdiyi bir vaxta təsadüf edib. İsrail ordusu şənbə günü Suriyanın Livanla sərhədi boyunca Hizbullahın silah qaçaqmalçılığı obyektlərinə zərbələr endirdiyini bildirib.
ABŞ, Britaniya və digər Qərb ölkələri HƏMAS və Hizbullahı terror qrupları kimi tanıyıb.
World Central Kitchen təşkilatı təbii fəlakətdən sonra və ya münaqişə zamanı ehtiyacı olan insanlara ərzaq yardımı edir. Təşkilat çox zaman Qəzzada yemək yeməkdə çətinlik çəkən insanlar üçün xilasedici rol oynayıb.
Fələstinli yüksək səviyyəli səhiyyə rəsmisi Munir Albourş zərbəni təsdiqləyib və Qəzzada bir yardım işçisi də ölən üç nəfərin World Central Kitchen xeyriyyə təşkilatının əməkdaşı olduğunu təsdiqləyib. Yardım işçisi adının anonim qalması şərtilə danışıb, çünki onun mediaya açıqlama vermək səlahiyyəti yoxdur.
Qəzzanın cənubundakı Xan Yunis şəhərində yerləşən Nasser Xəstəxanasında bir qadın əlində üzərində World Central Kitchen təşkilatının loqosu, “podratçı” sözü və hücum zamanı öldürüldüyü deyilən kişilərdən birinin adı yazılan işçi kartını qaldırıb. Xəstəxananın döşəməsinə yanmış telefonlar, saatlar və üzərində World Central Kitchen təşkilatının loqosu olan stikerlər səpələnib.
Nazmi Əhməd deyib ki, onun qardaşının oğlu son bir ildir World Central Kitchen-də çalışırdı. O deyib ki, o, xeyriyyə təşkilatının mətbəxləri və anbarlarına maşın sürürdü.
İsrailin aprel ayında World Central Kitchen konvoyunu vurması nəticəsində təşkilatın, əksəriyyəti əcnəbi olmaqla, yeddi işçisi həlak olub. Onlardan üçü Britaniya, biri Polşa və biri Avstraliya vətəndaşı, biri kanadalı-amerikalı, biri də fələstinli olub. İsrail ordusu bunun səhv olduğunu bildirib.
Həmin hücum beynəlxalq tənqidlərə və World Central Kitchen daxil olmaqla bir neçə yardım təşkilat tərəfindən Qəzzaya yardımın çatdırılmasının qısa müddətə dayandırılmasına gətirib çıxarıb. Təşkilat bildirib ki, bir başqa fələstinli əməkdaşı avqust atında İsrailin hava hücumu zamanı aldığı qəlpə yarası nəticəsində ölüb.
İsrailin şənbə günü bir başqa hava hücumu zamanı Xan Yunisdə ərzaq paylama məntəqəsi yaxınlığında bir avtomobil vurulub, nəticədə yardım almaq üçün toplaşan uşaqlar da daxil olmaqla 13 nəfər həlak olub. Cəsədlər Xan Yunisdəki Nasser xəstəxanasına çatdırılıb.
Belə görünür ki, atəşkəs davam edir
Belə görünür ki, ABŞ və Fransanın Livan üçün vasitəçilik etdiyi atəşkəs çərşənbə günü qüvvəyə mindikdən sonra bu gün də qüvvədə qalıb.
İsrail ordusu şənbə günü bildirib ki, atəşkəs qüvvəyə minəndən sonra Suriyadan Livana silah qaçaqmalçılığı üçün istifadə edilən obyektlərə zərbələr endirib. Ordu bunun atəşkəsin şərtlərinin pozulması olduğunu bildirib.
Suriya rəsmiləri və ya oradakı münaqişəni izləyən fəallar tərəfindən dərhal şərh verilməyib. Hizbullah da dərhal şərh verməyib.
İsrail atəşkəsin çərşənbə günü qüvvəyə minəndən bəri bir neçə dəfə pozulduğunu bildirərək Livanda Hizbullahın hədəflərini vurub.
İsrailin Suriyaya hücumu oradakı üsyançıların ölkənin ən böyük şəhəri olan Hələbi ələ keçirdiyi bir vaxta təsadüf edib. Bu da çox sayda müharibələrdən əziyyət çəkən bölgəyə yeni qeyri-müəyyənlik əlavə edib.
İsrail və İranın dəstəklədiyi Hizbullah arasında ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunan atəşkəsə əsasən, militantlar Livanın Litani çayının şimalına çəkilməli, İsrail qüvvələri isə sərhədin öz tərəfinə geri çəkilməlidir.
Hizbullah fələstinli militant qrup olan HƏMAS və onun 2023-cü il 7 oktyabr tarixində İsrailin cənubuna hücumu ilə həmrəylik nümayişi olaraq bir gün sonra İsrailə hücum etməyə başlayıb.
Livan səhiyyə rəsmilərinin bildirdiyinə görə, münaqişə zamanı Livanda İsrailin açdığı atəş nəticəsində 3760-dan çox insan həlak olub, onların çoxu mülki şəxslərdir. Döyüşlər zamanı İsraildə 70-dən çox insan - onların yarısından çoxu mülki şəxslərdir - həmçinin Livanın cənubunda döyüşən onlarla İsrail əsgəri həlak olub.
Qəzzada müharibəyə HƏMAS-ın 2023-cü ilin oktyabrında həyata keçirdiyi terror hücumu səbəb olub. Həmin zaman militantlar əksəriyyəti mülki şəxslər olmaqla 1200 nəfəri öldürüb, 250-yə yaxın insanı girov götürüb. Yerli səhiyyə rəsmilərinə görə, İsrailin əks-hücumu nəticəsində 44 000-dən çox fələstinlini ölüb, onların yarısından çox qadın və uşaqlardır.