Almaniya Bundestaqının deputatı Frank Şvabe Gürcüstanda həbs edilən azərbaycanlı jurnalist Əfqan Sadıqovun Azərbaycana ektradisiya edilməməsinə çağırıb.
Noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi avqust ayının əvvəlindən həbsdə olan Əfqan Sadıqovun Azərbaycana ekstradisiya edilməsi ilə bağlı qərar çıxarıb. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.
“Əfqan Sadıqov İlham Əliyev rejiminin əleyhdarıdır. O, cinayətkar deyil, Azərbaycanda olan rejimə müxalifdir. O, qorunmalı və heç bir halda Gürcüstandan ekstradisiya edilməməlidir”, Frank Şvabe qeyd edib.
Avropa Şurası Parlament Assamleyasının (AŞPA) Sosialistlər, Demokratlar və Yaşıllar qrupuna liderlik edən almaniyalı deputat Sadıqovun ailəsinə dəstəyini ifadə edib.
Əfqan Sadıqovun xanımı Sevinc Sadıqova noyabrın 29-da həyat yoldaşı ilə görüşdükdən sonra bildirib ki, həbsinə etiraz olaraq 70 gündür aclıq edən Sadıqovun vəziyyəti çox pisdir.
“Tbilisi məhkəməsinin Azərbaycana ekstradisiya olunması qərarını verməsi Əfqanı heç də təəccübləndirməyib. Bildirir ki, siyasi sifariş icra edirlər və sona kimi Əliyev rejiminə sadiqliklərini nümayiş etdirirlər”, Sevinc Sadıqova deyib.
Əfqan Sadıqovun işi ötən gün AŞPA-nın Daimi Komitəsinin Lüksemburqda keçirilən iclasında da vurğulanıb. Azərbaycanda güclənən repressiyalar ətrafında keçirilən müzakirələr zamanı lüksemburqlu deputat Qusti Qraas Azərbaycan hökumətinin öz tənqidçilərini ölkə hüdudlarından kənarda da təqib etdiyini qeyd edib və Sadıqovun işini misal gətirib.
Beynəlxalq səviyyədə ifadə azadlığı müdafiəsi ilə məşğul olan Index on Cencorship təşkilatı Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı qərarı pisləyib.
“Sadıqov Azərbaycan hakimiyyətini tənqid edən jurnalistikasına görə təqiblərdən qaçıb. Biz Gürcüstan hakimiyyətini hökmü ləğv etməyə çağırırıq”, təşkilat qeyd edib.
Noyabrın 29-da Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutu (RATİ) da Azel.TV xəbər saytının baş redaktorunun Azərbaycana ekstadisiyası ilə bağlı qərarı pisləyib.
“Bu qərar təkcə Sadıqovun həyatını təhlükəyə atmır, həm də Gürcüstanın beynəlxalq insan haqları öhdəliklərini kobud şəkildə pozur”, RATİ direktoru Emin Hüseynov vurğulayıb.
Daha əvvəl Azərbaycanda məhkumluq həyatı yaşayan Əfqan Sadıqov ötən ilin dekabrında Gürcüstana köçüb. O, Gürcüstana müalicə üçün getdiyini, daha sonra təhdidə məruz qaldığından ölkəyə qayıtmasının təhlükəli olduğunu bildirib.
Jurnalist Gürcüstanı tərk etmək istəyərkən iyulun 17-də Tbilisi aeroportunda saxlanılıb, onun üçüncü ölkəyə çıxışına icazə verilməyib.
Gürcüstanda da təhdidlərə məruz qaldığını bildirən Sadıqov bu səbəbdən digər bir ölkəyə üz tutmaq istədiyini, Tbilisi aeroportundan xarici ölkələrə buraxılmaması sifarişini Azərbaycan hakimiyyətinin verdiyini qeyd edib.
Avqustun 3-də saxlanılan Əfqan Sadıqov barəsində növbəti gün Tbilisi Şəhər Məhkəməsi tərəfindən ekstradisiya məqsədi ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmədə Əfqan Sadıqova qarşı mayın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən hədə-qorxu ilə tələbetmə ittihamı üzrə cinayət işi qaldırıldığı bildirilib.
Əfqan Sadıqov barəsindəki cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirir, Azel TV-də dərc edilən tənqidi yazılara və videolara görə təqib edildiyini bildirir.
Sadıqov daha əvvəl 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.
2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Həbsxanada olarkən 242 gün aclıq aksiyası keçirən Sadıqovu yerli hüquq müdafiəçiləri siyasi məhbus kimi tanıyıb.