Həbs edilən milli fəal Cavid Nəzmi Təbriz həbsxanasına köçürülüb

Cavid Nəzmi

Təbrizdə yaşayan azərbaycanlı milli fəal Cavid Nəzmi təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra Təbrizin Mərkəzi Həbsxanasına köçürülüb.

Hüquq müdafiəçilərinin sosial şəbəkələrdə yaydığı məlumata görə, Cavid Nəzmi təhlükəsizlik qüvvələrinin təcridxanasında 5 gün saxlanıldıqdan sonra bu gün, noyabrın 28-də mərkəzi həbsxanaya köçürülüb.

Cavid Nəzmi noyabrın 23-də digər fəal Vəhid Əbhəri ilə eyni vaxtda Təbrizdə həbs edilib və dindirilmək üçün həmin şəhərdə yerləşən təhlükəsizlik qüvvələrinin təcridxanasına aparılmışdı.

SEE ALSO: Təbrizdə iki milli fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib

Yayımlanan məlumatlara görə, Vəhid Əbhərinin həbsindən sonra təhlükəsizlik qüvvələri onun valideynlərinin evinə basqın edərək, evdə reyd keçirib və bəzi şəxsi əşyalarını müsadirə edib. Basqın zamanı yaşlı valideynlərin qorxu və narahatlıq keçirdiyi bildirilir.

Hələlik Cavid Nəzmi və Vəhid Əbhərinin həbsinin səbəbləri və ya onlara qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Türk fəal Cavid Nəzminin yaxın günlərdə mülki zəmanət qarşılığında müvəqqəti olaraq həbsxanadan azad ediləcəyi gözlənilir.

Cavid Nəzmi və Vəhid Əbhəri uzun illərdir İranda azərbaycanlıların milli hüquqlarının təmin edilməsi üçün dinc və sivil fəaliyyət göstərən fəallardır. Bu səbəbdən onlar dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıblar.