ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dünyanın ən böyük hərbi qüvvələrinə rəhbərlik etmək üçün bir çoxları tərəfindən təəccüblə qarışlanan bir seçim edib. O, Fox News kanalının aparıcısı və ordu veteranı Pit Heqsetin müdafiə naziri vəsifəsinə namizədliyini irəli sürüb. Daha ətraflı Amerikanın Səsi Pentaqondakı müxbiri Karla Babb məlumat verir.
Pit Heqset Milli Qvardiyanın İraq, Əfqanıstan və Quantanmoda xidmət etmiş və təltif edilmiş veteranıdır.
Lakin “Fox and Friends” televiziya proqramının keçmiş aparcısının hökumətdə işləmək, ya da böyük təşkilatı idarə etmək təcrübəsi yoxdur.
Demokratiyaları Müdafiə Fondunun təhlilçisi, Təqaüddə olan kontr-admiral Mark Montqomeri: “Mən hesab edirəm ki, bu, olduqca qeyri-adi bir seçimdir. Bu, ilk pillə deyil. Bu vəzifəyə gələcək birindən çox böyük idarəçilik təcübəsinə malik olması gözlənilir.”
Heqsetin populyarlığı onun Pentaqonun “woke” adlandırdığı müxtəliflik, bərabərlik və inklüzivlik proqramlarına qarşı çıxaraq, Müdafiə nazirliyində dəyişikliklərə işarə etməsindən sonra artıb.
ABŞ Müdafiə naziri vəzifəsinə namizəd Pit Heqset: “Bizim sıralarımızda qara, ağ və qəhvəyi rəng yoxdur. Biz hamımız insanıq və bərabərik. Bizim gücümüz müxtəlifliyimizdə deyil, bizim birliyimizdədir, ölkəmizə, ailələrimizə və ilk növbədə bir-birimizə sevgimizdədir”.
Heqset həmçinin qadınların döyüş əməliyyatlarından kənarlaşdırılmasını təklif edib.
ABŞ Müdafiə naziri vəzifəsinə namizəd Pit Heqset: “Mən açıq deyirəm: qadınlar döyüş mövqelərində olmamalıdır. Bu, bizi daha effektiv etmədi, döyüş daha ölümcül olmadı, bu, hərbi əməliyyatı çətinləşdirdi”.
Dəniz piyadaları korpusu 2014-cü ildən 2015-ci ilə qədər yalnız kişilərdən ibarət və gender baxımından inteqrasiya edilmiş hərbi birləşmələri müqayisə edib. Onlar kişilərdən ibarət birləşmələrin daha sürətli və daha güclü olduğunu aşkar edib. Lakin digər qrup problemin həllində daha yaxşı bacarıqlar göstərib. Ruh yüksəkliyi hər iki qrupda eyni olub.
Müdafiə naziri Lloyd Austin kişilərlə eyni çətin missiyaları yerinə yetirdikdən sonra döyüş mövqelərində xidmət edən qadınlara bu mesajı verib.
ABŞ Müdafiə naziri Lloyd Austin: “Düşünürəm ki, qadınlarımız ABŞ hərbi qüvvələrinə əhəmiyyətli töhfə verirlər. Bizim sizə ehtiyacımız var, biz sizə inanırıq, xidmətinizi yüksək qiymətləndiririk və siz Yer kürəsində ən yaxşı və ən ölümcül döyüş qüvvəsinin dəyərini artırırsınız”.
Tramp Havard və Prinstonda təhsil almış namizədini “sərt, ağıllı və Amerikaya inamı” olan biri kimi qiymətləndirib.
Heqsetin nominasiyasından sonra 2017-ci ildə cinsi təcavüz iddiaları ilə bağlı məlumatlar verilib.
Heqset o zaman məlumatların ictimaiyyətə sızmaması üçün iddiaçıya pul ödədiyini deyib. O həmçinin görüşün razılıq əsasında olduğunu bildirib.
ABŞ Müdafiə naziri vəzifəsinə namizəd Pit Heqset: “İş tam araşdırıldı və mən tam bəraət aldım. Bunu burada bitirirəm”.
Heqsetin namizədliyi Senatda çoxluq tərəfindən təsdiq edilməlidir. Respublikaçılar hazırda üç mandatla çoxluqda olsalar da, təhlilçilər bunun təsdiq üçün qarantiya olmadığını və Konqesdə çoxlarının onun qadınların döyüşlərdə iştirakı əleyhinə mövqeyini köhnəlmiş heab etdiklərini deyirlər.
Demokratiyaları Müdafiə Fondunun təhlilçisi, Təqaüddə olan kontr-admiral Mark Montqomeri: “Mən senatorlara baxanda qadın döyüş veteranı olan senator Coni Ernsti görürəm. Əminəm ki, onun bu məsələ ilə bağlı fikirləri haqda ona maraqlı sualları olacaq. Ona görə də mənim nöqteyi-nəzərimdən bu, çox çətin problem olacaq”.
Yeni seçilmiş prezident Trampın ilk hakimiyyəti dövründə müdafiə nazirləri ilə mürəkkəb münasibətləri olub. Onlardan biri, keçmiş müdafiə naziri Mark Esper Trampı “vəzifəyə yararsız” adlandırıb.
Rəsmilər Heqsetin Trampa sədaqətinin güclü olaraq qaldığını bildirir.