Bayden İsraillə Hizbullah arasında atəşkəsi alqışlayıb

Your browser doesn’t support HTML5

Prezident Co Bayden çərşənbə axşamı İsraillə Livanda İranın dəstəklədiyi militant qrupu Hibzullah arasında atəşkəsi alqışlayıb. Ancaq bu razılığın İsrailin fələstinli miltant qrupu HƏMAS-a qarşı döyüşdüyü Qəzzada atəşkəsi və girovların azad edilməsini sürətləndirəcəyinə dair heç bir işarə yoxdur. Amerikanın Səsinin Ağ Ev bürosunun başçısı Patsi Vidakusvara təqdim edir.

İsrailin Livanda paytaxt Beyrut daxil olmaqla bir neçə şəhərə zərbələr endirməsindən və İranın dəstəklədiyi militant qrup Hizbullahın İsrailə raketlər atmasından günlər sonra müharibə aparan tərəflər arasında atəşkəs əldə olunub. ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı bu atəşkəsi alqışlayıb.

“Sabah yerli vaxtla səhər saat 4-də Livan-İsrail sərhədi boyunca döyüşlər bitəcək. Bu hərbi əməliyyatların daimi dayandırılması üçün nəzərdə tutulub,” Prezident Co Bayden deyib.

Baydenin açıqlaması Benyamin Netanyahunun çərşənbə axşamı etdiyi çıxışından sonraya təsadüf edib.

İsrail Baş naziri İsrailin İranın dəstəklədiyi bir başqa qruplaşma olan HƏMAS-a qarşı doyüşdüyü Qəzzadakı müharibə səbəbilə Hizbullahın başlatdığı və bir ildir davam edən sərhədlərarası qarşıdurmalardan sonra atəşkəsə razılaşıb.

“Birləşmiş Ştatların tam anlayışı ilə biz tam hərbi fəaliyyət azadlığını qoruyuruq – Hizbullah razılaşmanı pozarsa və silahlanmağa çalışarsa, biz hücum edəcəyik. Sərhəd yaxınlığında terrorist infrastrukturunu yenindən qurmağa çalışarsa, biz hücum edəcəyik,” İsrail baş naziri Beyamin Netanyahu deyib.

Netanyahu deyib ki, İsrail diqqətini təkrar HƏMAS-ın ötən oktyabr ayında İsrailə ölümcül terror hücumundan və İranın törətdiyi təhlükədən sonra Qəzzada aparılan əməliyyatlara yönəltməlidir.

Ancaq Livanda atəşkəsin Qəzzada da atəşkəsə və HƏMAS tərəfindən saxlanılan israilli girovların sərbəst buraxılmasına gətirib çıxaracağına dair heç bir işarə yoxdur.

“Növbəti günlərdə ABŞ Türkiyə, Misir, Qətər, İsrail və digərləri ilə birlikdə Qəzzada atəşkəsə nail olmaq üçün daha bir çağırış edəcəyik,” Prezident Co Bayden deyib.

İran çərşənbə axşamı BMT-dəki çıxışında İsrail hökumətini müharibə cinayətləri və soyqırımda ittiham edib və bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsinin Qəzzadakı müharibə səbəbilə İsrail lideri ilə bağlı çıxardığı həbs qərarını alqışlayıb.

“Biz hamımız beynəlxalq qanun altında işğala və aparteidə qarşı öz müqəddəratını təyinetmə hüququnu təmin etmək üçün fələstinli xalqın qanuni və legitim mübarizəsinə kömək etməyə borcluyuq,” İrnın xarici işlər naziri Abbas Araqçı deyib.

Atəşkəs altında, İsrail qüvvələri Livan-İsrail sərhədinin cənubuna, Hizbullah isə Litani çayının şimalına çəkiləcək.

Planda İsrail-Hizbullah döyüşlərində iştirak etməyən Livan ordusu iki döyüşən tərəf arasındakı bölgədə patrul çəkməyə çağırılır. ABŞ və Fransa atəşkəs rejiminin pozulmasına nəzarət etməyə kömək edəcək.