Avropa Parlamenti noyabrın 27-də Strasburqda keçirilən plenar iclasda Avropa Komissiyasının Ursula fon der Leyenin sədrliyi ilə yeni tərkbini təsdiqləyib.
Səsvermədə iştirak edən 688 deputatdan 370-ni yeni Komissiyanın lehinə, 282-si əleyhinə səs verib. 36 parlament üzvü bitərəf qalıb. Parlamentdən təsdiq alan yeni Komissiya 5 illik mandatına Avropa İttifaqı Şurasının rəsmi təyinatından sonra dekabrın 1-dən etibarən başlayacaq.
Fon der Leyen səsvermədən əvvəl keçirilən debatda komissiyasının daim azadlıq, suverenlik, təhlükəsizlik və rifah uğrunda mübarizəyə sadiq qalacağını vurğulayıb.
Avropanın qonşuluğunda, Ukraynadan Yaxın Şərqə və Afrikanın bəzi yerlərində müharibə, münaqişə və insan iztirabları səngimək bilmədiyini deyən fon der Leyen, Avropanın bütün bu arenalarda daha güclü rol oynamalı olduğunu vurğulayıb.
“Dağıntı və itkilərə son qoymaq bizim borcumuzdur. Təhlükəsizliyimizi gücləndirmək indiki kimi mübahisəli və kövrək bir dünyada daha vacibdir”, fon der Leyen qeyd edib.
O, müdafiə xərclərini artırmağa çağıraraq əlavə edib ki, indi güclü Avropaya hər zamankindən daha çox ehtiyac var.
Avropa Komissiyası prezidenti İttifaqın xarici məsələlər üzrə yeni Ali Nümayəndəsi, Estoniyanın keçmiş baş naziri Kaya Kallasın Avropanın diplomatiyası və dünyadakı maraqları üçün doğru zamanda doğru insan olduğunu vurğulayıb.
Ursula fon der Leyenin yeni komissiyansını dəstəkləyən parlamentarlar onun qlobal rəqabət, enerji müstəqilliyi və müdafiə kimi məsələləri həll etməyə hazırlığını yüksək qiymətləndirib. Tənqidçilər isə almaniyalı siyasətçinin vədlərini yerinə yetirmək qabiliyyətinə şübhə ilə yanaşıblar.
Ukrayna prezidenti Volodimir Zelenski Avropa Komissiyasının yeni tərkibinin təsdiqlənməsi münasibəti ilə fon der Leyeni ilk təbrik edənlər sırasındadır.
“Yeni Avropa Komissiyasına vahid Avropanın möhkəmləndirilməsində və Aİ-nin qlobal lider kimi rolunun gücləndirilməsində uğurlar arzulayıram. Biz Ukrayna-Aİ strateji gündəliyinin əsas məsələləri üzrə səmərəli əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”, Zelenski X səhifəsində yazıb.
Ukrayna Prezidenti ölkəsinin strateji məqsədi olan Aİ üzvlüyünə məhz bu Avropa Komissiyası dövründə nail olacağına əmin olduğunu deyib.