"Afiəddin Məmmədovun məhkəməsinin dəfələrlə təxirə salınması onun azadlıq hüququnu pozur"

Afiəddin Məmmədov

Noyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədovun işi üzrə növbəti məhkəmə prosesinin keçirilməsi nəzərdə tutulsa da, məhkəmə yenidən təxirə salınıb. Onun vəkili Zibeydə Sadıqovanın sözlərinə görə artıq bir neçə prosesdir ki, şahid qismində tanınan şəxs məhkəməyə gəlmir, onlar bununla bağlı vəsatət versələr də, vəsatət təmin olunmur:

"Keçən məhkəmə prosesində şahidin məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar verilmişdi. Nədənsə şahidin məhkəmədə iştirakı təmin edilmir. Biz məhkəmədə vəsatət qaldırdıq ki, əgər iştirak təmin edilmirsə, vaxtın uzadılmasına gətirib çıxarmasın deyə onun şahid ifadəsi sübut siyahısından çıxarılsın və məhkəmə müşavirə otağında o ifadəyə istinad etməsin. Lakin məhkəmə vəsatətimizi təmin etmədi, şahidin gətirilməsini təmin elədi. Bildirdilər ki, növbəti prosesdə şahid məcburi gətiriləcək".

Your browser doesn’t support HTML5

"Afiəddin Məmmədovun məhkəməsinin dəfələrlə təxirə salınması onun azadlıq hüququnu pozur"

Zibeydə Sadıqova bildirib ki, Afiəddin Məmmədov artıq 1 ildən çoxdur ki, həbsdədir və məhkəmənin dəfələrlə təxirə salınması onun azadlıq hüququnu pozur.

"Biz dəfələrlə ev dustaqlığı ilə bağlı vəsatət qaldırmışıq ki, Afiəddin heç vaxt cinayət törətməyib, belə ittihamla ilk dəfədir həbs olunur, ailəsi ilə birgə yaşayır, ailəsi də hər dəfə məhkəmə proseslərində iştirak edir, cəmiyyət üçün də təhlükəli şəxs deyil. O, kifayət qədər tanınmış adamdır və əksinə, insanlara, cəmiyyətə xeyri dəyir. Afiəddin həmişə işçi hüquqlarının müdafiəsi ilə məşğul olub, bu şəxs barəsində həbs seçilməyə ehtiyac yox idi. Lakin məhkəmə də vəsatətimizi təmin etmir. Təsəvvür edin ki, hər dəfə prosesə hansısa şahid gəlmir və proses uzanır. Afiəddinin həbsdə qalma müddəti də uzanır, yəni, o, Bakı İstintaq Təcridxanasında saxlanılır və ayda bir dəfə məhkəmə prosesi olur, onu oradan gətirirlər, daha sonra məlum olur ki, şahid gəlməyib. Hər dəfə məhkəmə növbəti aya təxirə salınır. Axı həbsxanada onun azadlıq hüququ pozulur", deyə, vəkil əlavə edib.

Növbəti məhkəmə prosesi dekabrın 17-ə təyin olunub.

İşçi Masasının sədri Afiəddin Məmmədov ötən il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunurdusa, indi Məmməddov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur. İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov isə ötən ilin avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb. Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu ilin aprel ayında məhkəmənin qərarı ilə Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Yanvar ayında İşçi Masasının digər üzvü Elvin Mustafayev Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.

2023-cü ilin avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

İşçi Masasının digər üzvü Möhyəddin Orucov ötən il dekabrın 13-də saxlanılıb.

Suraxanı Rayon Məhkəməsi Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl də ictimai fəal 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib. Həmin dövrdə Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Fəallar ittihamları qəbul etmir və həbslərini siyasi fəaliyyətləri ilə əlaqələndirirlər.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edirlər.