Türkiyə polisi qadınların zorakılıqdan müdafiə olunmasını tələb edən etirazçıları saxlayıb

İstanbulda polis bu il 400-dən çox qadının qətlə yetirildiyi Türkiyədə qadınların daha çox müdafiə olunması çağırışı ilə keçirilən aksiyaya qatılmaq istəyən onlarla insanı saxlayıb.

Nümayişçilər qadınlara qarşı zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə əsas piyada küçəsi İstiqlala girməyə çalışaıb. Lakin bölgədə bütün etiraz aksiyalarının keçirilməsinə qadağa tətbiq edilib.

Bundan əvvəl polis İstiqlal və şəhərin əsas meydanı Taksimə gedən bütün girişləri barrikadaya alıb, hakimiyyət isə böyük toplaşmaların qarşısını almaq üçün bir neçə metro stansiyasını bağlayıb.

Bir çox nümayişçi prezident Rəcəb Tayyib Ərdoğanın 2021-ci ildə Türkiyəni İstanbul Konvensiyası kimi tanınan əlamətdar Avropa sazişindən çıxaran qərarına etiraz edib.

Qadınları zorakılıqdan qorumaq məqsədi daşıyan müqavilə 2011-ci ildə İstanbulda imzalanıb.

Ərdoğanın qərarı İslam köklü hakim partiyasının bəzi üzvlərinin müqaviləni LGBTQ+ hüquqlarını və Türkiyənin ənənəvi ailə dəyərlərinə uyğun gəlməyən idealları təşviq etməkdə ittiham etməsindən sonra verilib.

Bazar ertəsi Ərdoğan Türkiyənin konvensiyaya qayıtması ilə bağlı çağırışları rədd edib və hökumətinin qadınları qorumaq öhdəliyini bir daha təkrarlayıb.

Yerli “Qadın qırğınına son verəcəyik” adlı təbliğat qrupu bildirib ki, 2024-cü ildə Türkiyədə 411 qadın öldürülüb.