Tramp Amerika Birinci Siyasət İnstitutunun prezidentini Kənd Təsərrüfatı naziri vəzifəsinə irəli sürüb

Arxiv fotosu - Prezident Donald Tramp Vaşinqtonda Ruzvelt Auditoriyasında həbsxana islahatları mövzusunda dəyirmi masa zamanı danışan Texas İctimai Siyasət Fondunun o vaxt prezidenti və baş direktoru Bruk Rollinsi dinləyir, 11 yanvar 2018.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerika Birinci Siyasət İnstitutunun prezidenti və baş icraçı direktoru Bruk Rollinsi Kənd Təsərrüfatı Naziri vəzifəsinə seçib.

“Növbəti Kənd Təsərrüfatı nazirimiz kimi Bruk həqiqətən də ölkəmizin dayağı olan Amerika fermerlərini qorumaq üçün səylərə rəhbərlik edəcək”, Tramp bildirib.

Senat tərəfindən təsdiq olunarsa, Rollins ölkənin hər dairəsində ofisləri olan 100 000 nəfərlik agentliyə rəhbərlik edəcək. Agentliyin səlahiyyətləri ferma və qidalanma proqramlar, meşə təsərrüfatı, ev və təsərrüfat kreditləri, ərzaq təhlükəsizliyi, kənd yerlərinin inkişafı, kənd təsərrüfatı sahəsində tədqiqatlar, ticarət və s. əhatə edir. 2024-cü ildə naizliyin büdcəsi 437,2 milyard dollar təşkil edirdi.

Namizədin gündəliyi Amerikanın şəhər və kənd əhalisinin pəhrizi və büdcələrinə təsir göstərəcək. Kənd Təsərrüfatı nazirliyinin rəsmiləri və işçiləri ticarət sövdələşmələri üzrə danışıqlar aparır, qidalanma ilə bağlı məsləhətlər verir, ət məhsullarını yoxlayır, meşə yanğınları ilə mübarizə aparır və kənd yerlərində genişzolaqlı şəbəkəyə dəstək verirlər.

“Brukun Amerika fermerlərini dəstəkləmək, Amerikanın ərzaq təhlükəsizliyini qorumaq və Amerikanın kənd təsərrüfatından asılı olan kiçik şəhərlərini bərpa etmək öhdəliyi misilsizdir”, Tramp açıqlamasında deyib.

Amerika Birinci Siyasət İnstitutu Trampın kampaniyası ilə yaxından əməkdaşlıq edən və Trampın gələcək administrasiyası üçün siyasətin formalaşmasına kömək edən sağ təmayüllü araşdırma mərkəzidir. Bruk Rollins Trampın ilk hakimiyyəti dövründə Daxili Siyasət Şurasına sədrlik edib.

Kənd Təsərrüfatı naziri olaraq Rollins administrasiyaya bioyanacaq üçün vergi güzəştlərinin tətbiqi ilə bağlı məsləhət verəcək.

Vəzifəyə nominasiya edilmiş namizəd həmçinin Meksikanın genetik modifikasiya edilmiş qarğıdalı idxalını qadağan etmək cəhdi və Kanadanın süd məhsulları idxalı kvotaları ilə bağlı mübahisələr fonunda gələn il ABŞ-Meksika-Kanada ticarət sazişinin yenidən müzakirə edilməsinə rəhbərlik edəcək.

Tramp kənd təsərrüfatı sektoruna təsir göstərə biləcək geniş tarifləri yenidən tətbiq etməyi planlaşdırdığını bildirib.

CNN-in cümə günü verdiyi məlumata görə, o bu vəzifəni inaqurasiya komitəsinə həmsədr seçdiyi sadiq müttəfiqi olan keçmiş ABŞ senatoru Kelli Loefflerə təklif etməyi düşünürdü.