Rəsmi Bakı Istanbulda 70 kiloqram qızılla saxlanılan Azərbaycan vətəndaşının kimliyi barədə məlumat vermir

İstanbul prokurorluğunun Qaçaqmalçılığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşını böyük miqdarda qızılla saxlayıblar. Bu barərə “Sabah” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, İstanbulun Sarıyer rayonunda Vadi İstanbul Ticarət Mərkəzinin yaxınlığında taksi saxlanılıb. Axtarış zamanı 70 kiloqram qızıl aşkar edilib. Avtomobildə olan Azərbaycan vətəndaşı qızılın ona məxsus olduğunu və Azərbaycan diplomatı olduğunu idddia edib.

“Sabah” qəzeti "diplomat"ın adını açıqlamır, baş hərflərini yazır - M. Q. Ş.

Azərbaycan Xarici İşlər Nazirliyi qəzetdə yazılanlara hələ münasibət bildirməyib.

Yerli media İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat olmadığını yazıb.

APA agentliyi əldə etdiyi məlumata əsaslnaraq yazır ki, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Tutulan şəxsin Azərbaycanın Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər öz təsdiqini tapmayıb.

Bununla yanaşı, Müdafiə Nazirliyi həmin şəxsin hərbi ataşe müavini və ya hərbi ataşe olması barədə yayılan xəbərlər barədə Amerikanın Səsinin sorğusuna hələ münasibət bildirməyib.