Əkrəm Əylislinin "Adamlar və ağaclar" əsəri ABŞ oxucularına təqdim olunub

Noyabrın 21-də ABŞ-da Azərbaycanlı yazıçı Əkrəm Əylislinin
"Adamlar və ağaclar" adlı kitabı təqdim olunub. Kitab Ketrin E.Yanq tərəfindən ingilis dilinə tərcümə olunub.

Təqdimatda çıxış edən Ketrin Yanq kitabın ABŞ oxucularını keçmişdə Azərbaycanda kənd həyatını müəyyənləşdirən münasibətlər və ənənələrlə tanış olmağa imkan verdiyini bildirib.

Tədbirdə çıxış edən Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi və "Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" adlı kitabın müəllifi Tomas de Val kitabın təsvir etdiyi dövrdən və eləcə də yazıçının yaşadığı çətinliklərdən bəhs edib.

Kitabda bir-birilə əlaqəli üç hekayə: "Mənim nəğməkar bibim" ,"Nar ağacı haqqında nağıl" və "Adamlar və ağaclar" yer alıb. Onların hər biri İkinci Dünya Müharibəsi zamanı və sonra Qafqaz həyatını təsvir edir.

Kitab PelmanPress tərəfindən nəşr olunub. Ketrin Yanq daha əvvəl "Əlvida, Əylis" və "Daş Yuxular" əsərlərini ingilis dilinə tərcümə edib.

"Daş Yuxular" əsəri Azərbaydan ciddi tənqid hədəfinə çevrilib. Azərbaycanlılarla ermənilər arasında həssas və gərgin tarixi araşdıran "Daş yuxular" 2012-ci ildə nəşr olunduğunda Azərbaycanda qəzəbə səbəb olub. Yazıçının dövlət təltifləri alınıb. Onun evinin qarşısında dəfələrlə “Daş yuxular” əsərinin reallığı əks etdirməməsi çağırışı ilə etiraz aksiyaları keçirilib.