Azər Qasımlı Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirir

Azər Qasımlı-Siyasi Menecment İnstitutunun direktoru

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirir.

Onun Amerikanın Səsinə verdiyi məlumata görə, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər edəcəkdi.

“Pasport nəzarətində dedilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Formal səbəbini bilmirəm. Lakin hesab edirəm ki, bu qadağa siyasi qərardır və hakimiyyətin siyasətini tənqid etdiyimə görə mənə qarşı təzyiqdir. Bu qadağa qeyri-qanunidir və yalnız şərləmə əsasında qoyula bilər.” o bildirib.

Azər Qasımlı hazırda Bakı Şəhər Baş Polis İdarəsinə gedəcəyini bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev Amerikanın Səsinə bildirib ki, Azərb Qasımlının ölkədən xaricə buraxılmamasının səbəbləri araşdırılır.