Tramp keçmiş baş prokuroru ABŞ-ın NATO-dakı səfiri vəzifəsinə nominasiya edib

Mett Uitaker.

ABŞ Prezidenti seçilən Donald Tramp çərşənbə günü sabiq müvəqqəti baş prokuror Mett Uitakeri ABŞ-ın NATO-dakı səfiri vəzifəsinə nominasiya edib. NATO Qərbin əsas hərbi ittifaqıdır və Tramp alyansa üzv ölkələri müdafiəyə kifayət qədər pul xərcləmədiklərinə görə tənqid edib.

Tramp bəyanatında 55 yaşlı Uitakeri “Birləşmiş Ştatların maraqlarının irəliləməsi və müdafiəsini təmin edəcək” və “NATO müttəfiqlərimizlə əlaqələri gücləndirəcək və sülh və sabitliyə qarşı təhdidlər qarşısında möhkəm dayanacaq “güclü döyüşçü və sadiq vətənpərvər” kimi təsvir edib.

Trampın yeni administrasiyasındakı bir sıra vəzifələrə seçimlərində olduğu kimi, Uitakeri Brüsseldə qərargahlanan və 32 ölkədən ibarət Şimali Atlantika Müqaviləsi Təşkilatına nominasiya etməsi qeyri-adi bir haldır. Belə ki, onun peşəkar keçmişi namizəd göstərildiyi vəzifəyə uyğun gəlmir. Uitaker uzun illər vəkil olaraq çalışsa da, xarici və ya hərbi siyasət təcrübəsinə malik deyil.

Trampın nominasiya etdiyi bir çox digər namizəd kimi Uitaker də Trampın dəstəkçisi olub. O, Trampa qarşı qaldırılan iki fedal məhkəmə işini açıq şəkildə tənqid edib. Həmin işlər, onun yanvarın 20-də hakimiyyətə gəlməsində sonra ləğv edilə bilər.

Tramp ilk administrasiyası zamanı alyansın həbi xərc məqsədinə çatmayan, yəni ÜDM-nın 2 faizini xərcləməyən digər NATO üzvlərini tənqid edib. O, 2021-ci ildə vəzifədən gedərkən, NATO ölkələrinin altısı müdafiəyə bu qədər pul xərcləyirdi. Ancaq Moskvanın 2022-ci ildə NATO üzvü olmayan, amma alyansa qoşulmaq istəyən Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiya tərəfindən yaxınlıqdakı NATO ölkələrinə qarşı aqressiya təhlükəsi artdığına görə, artıq 32 NATO ölkəsindən 23-ü müdafiəyə ÜDM-nin ən azı 2 faizini xərcləyir.

Tramp prezidentliyi dövründə müdafiəyə kifayət qədər pul xərcləməyən ölkələrin NATO-ya “ödəmələrini” gecikdirdiklərini bildirib.

“Mən gələnə qədər NATO dağılırdı,” Tramp bu ilin əvvəlində keçirilən seçki görüşündə deyib. “Mən dedim ki, hamı ödəməlidir.”

Tramp bildirib ki, “böyük ölkələrin prezidentlərindən biri” bir nöqtədə ondan onlar pul xərcləməsə belə, Rusiya hərbi müdaxilə etdiyi halda ABŞ-ın həmin ölkəni müdafiə edib-etməyəcəyini soruşub.

“Mən dedim ki, ‘qətiyyən yox’. Onlar bu cavaba inana bilmirdilər.”

“Xeyr, mən sizi müdafiə etmərəm,” Tramp həmin prezidentə söylədiklərindən sitat gətirib. “Əslində mən onları istədiklərini etməyə təşviq edərəm. Siz ödəməlisiniz. Siz ödənişlərinizi etməlisiniz.”

NATO müqaviləsinə əsasən, üzv ölkələrin hücuma məruz qaldıqları təqdirdə bir-birlərini hərbi baxımdan müdafiə etmək öhdəlikləri var. İkinci Dünya Müharibəsindən sonra yaranan ittifaqın 75 illik tarixində bu yalnız bir dəfə ba. verib. Belə ki, Əl-Qaidənin 2001-ci ildə ABŞ-a hücum edərək, 3000-ə yaxın insanı öldürməsindən sonra NATO ölkələri ABŞ-ın Əfqanıstanda Əl-Qaidə ilə mübarizəsinə qoşulub.