Dünyanın ən böyük iqtisadiyyatlarının liderləri Rio-de-Janeyroda keçirilən ikigünlük G20 sammitini Qlobal Cənubun prioritetlərini dəstəkləyən bəyanatla yekunlaşdırıb: iqlim dəyişikliyi, yoxsulluğun azaldılması və milyarderlərin vergiyə cəlb edilməsi.
Qlobal Cənub ümumiyyətlə inkişaf etməkdə olan ölkələr, eləcə də Rusiya və Çin sayılır.
G20 sammitinin ev sahibi, Braziliya prezidenti Luiz İnasio Lula da Silva danışıqları üç əsas sütun ətrafında - sosial inteqrasiya, aclıq və yoxsulluqla mübarizə, enerji, keçidlər və iqlim fəaliyyəti və qlobal idarəetmədə islahatlar cəmləşdirib.
Lula bildirib ki, qloballaşma uğursuzluğa düçar olub.
Qrup birgə bəyanatında qlobal istiləşməni yavaşlatmağın və yoxsulluğun azaldılmasının vacibliyini vurğulayıb. Onlar “ultra yüksək gəlirli şəxslərin effektiv şəkildə vergiyə cəlb olunmasını təmin etmək” üçün birgə işləməyə razılaşıblar.
Kommunikedə qeyd olunur ki, mütərəqqi vergitutma “daxili bərabərsizlikləri azaltmaq üçün əsas vasitələrdən biridir. Bu,güclü, davamlı balanslaşdırılmış və inklüziv artımı təşviq edir və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə [DİM] nail olunmasını asanlaşdırır.
Genişlənmə çağırışı
G20 yenidən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (hazırda 5 daimi üzv mövcuddur) daimi üzvlərinin artırılmasına çağırıb.
“Nəticələr Bayden administrasiyasının prioritetlərinin ağlabatan əksidir. Ancaq bunun nə qədərinin ikinci Tramp administrasiyasına keçəcəyi bəlli deyil” - deyə, Xarici Əlaqələr Şurasının Qrinberq Geoiqtisadi Araşdırmalar Mərkəzinin direktoru Metyu Qudman bildirib.
Yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimi yanvarda keçiriləcək.
Bayden administrasiyasının yüksək rütbəli rəsmisi, vətəndaş cəmiyyəti də daxil olmaqla, "çoxtərəfli, çoxpilləli yanaşma" ilə ABŞ-ın öhdəliklərinin davamlılığını təmin etmək üçün çalışdıqlarını deyib.
Ağ Ev bildirib ki, sammitdə prezident Bayden "liderlik irsini" davam etdirib və liderlərin "gələcəklərinə investisiya qoynaq, qlobal təmiz enerji keçidini sürətləndirmək, qlobal sağlamlıq təhdidləri ilə mübarizə aparmaq və inklüziv rəqəmsal transformasiyanı dəstəkləmək" üçün toplaşdığını bildirib.
Qlobal münaqişələr
Qrup Qəzza və Livanda atəşkəsə çağırıb, lakin Baydenin müxtəlif qlobal forumlarda irəli sürdüyü xətt - İsrailin özünü müdafiə etmək hüququndan bəhs etməyib,.
Keçən ilki sammitdə olduğu kimi G20 liderləri Rusiyanı qınamadan Ukraynadakı müharibənin insan əzablarını və iqtisadi təsirini vurğulayıb. Kyiv G20-ni hərəkətsizlikdə ittiham edir.
Bayden və Lula sammit çərçivəsində görüşü zamanı liderlər arasında qeyri-müəyyənliyin başqa bir sahəsi olan iqlim böhranını həllinə duyulan təcili ehtiyacı müzakirə edib.
Tramp dəfələrlə iqlim dəyişikliyini saxtakarlıq adlandırıb və 2017-ci ildə ilk səlahiyyət müddətində ABŞ-ı Paris İqlim Sazişindən çıxarıb.
Braziliya estafeti G20-nin növbəti prezidenti olan Cənubi Afrikaya ötürməklə sammiti başa vurub.