Rumıniya və Bolqarıstan 2025-ci ilin yanvarından Şengen zonasına tam qoşulacaq və Avropa İttifaqı ilə sərhədlərini açacaq. Bu barədə Reuters agentliyinə Rumıniyanın baş naziri Marsel Çiolakuya istinadən məlumat yayıb.
Rumıniya və Bolqarıstan Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar 29 ölkədən ibarət Şengen zonasına 2024-cü ilin martında qoşuldular, lakin yalnız dəniz və hava sərhədlərini açdılar. Bu, əvvəlcə Rumıniya və Bolqarıstanın qoşulmasına qarşı çıxan Avstriya ilə qismən razılığa gəldikdən sonra baş verdi. Avstriya səlahiyyətliləri hər iki ölkədə qeyri-qanuni immiqrasiya səviyyəsinin hələ də çox yüksək olduğunu və bunun qarşısını almaq üçün daha çox iş görməli olduğunu iddia edirlər.
Quru sərhədlərinin açılması ilə bağlı danışıqlar 2024-cü il ərzində davam etdi. Reuters agentliyinin məlumatına görə, cümə günü, noyabrın 22-də Macarıstanda Avstriya, Rumıniya və Bolqarıstan daxili işlər nazirlərinin görüşü keçiriləcək.
"Bu görüş çox vacibdir, ona görə də mən Macarıstanın Baş naziri ilə razılaşdım ki, daxili işlər nazirləri yekun sənədi təsdiqləmək üçün görüşəcəyi gün Macarıstana gedəcəyəm", Marsel Çiolaku deyib.
O əlavə edib ki, əvvəllər Bolqarıstanın üzvlüyünə qarşı çıxan Hollandiya parlamenti də bu sənədi təsdiq etməli olacaq. "Bizim artıq razılaşdırılmış təqvimimiz var. Bu, 2025-ci ilin yanvar ayının 1-dən baş verəcək. Bayramlar üçün evə gələnlərin qayıtması daha asan olacaq", - Rumıniyanın baş naziri bildirib.
Çiolaku Bolqarıstandan bəhs etməyib, lakin iki ölkəyə qoşulma prosesi paket sövdələşmə kimi qiymətləndirilir.
Reuters qeyd edir ki, Rumıniya və Bolqarıstan silah, narkotik və insanların qanunsuz ticarəti üçün əsas marşrutlar üzərində yerləşir. Buna baxmayaraq, Avropa Komissiyası hərtərəfli araşdırmanın hər iki ölkənin Şengen zonasının bütün tələblərinə cavab verdiyini təsdiqlədiyini bildirib.