Bakıda COP29-da iştirak etməyə gəlmiş ABŞ Konqresmeni Frank Pallone Birləşmiş Ştatlara geri qayıdıb. O, bu addımı Azərbaycan paytaxtında üzləşdiyi təzyiqlərlə əsaslandırıb.
Konqresmenin vebsaytında bildirilir ki, o, noyabrın 17-də Azərbaycan prezidenti İlham Əliyevin Konqres üzvləri ilə keçirdiyi ikitərəfli görüşə dəvət edilməyib. Pallone noyabrın 16-da Bakıya səfər edərək, Amerikanın COP29-dakı nümayəndə heyətinə qoşulmuşdu.
Mediada verilən məlumatlara əsasən, bir qrup hökumətyönlü QHT noyabrın 17-də ABŞ təmsilçisi Pallonenin qaldığı otelin qarşısında aksiya keçirib. Onlar Pallonedən Azərbaycan xalqından üzr istəməsini və ölkəni tərk etməsini tələb ediblər. Azərbaycanın rəsmi mənbələrində Pallonenin cangüdənlərinin QHT nümayəndələrinə fiziki güc tətbiq etdiyi barədə məlumat yayılıb. Bu səbəblə etirazçılar Pallonun mühafizəçilərinə qarşı cinayət işinin qaldırılmasına çağırıb.
Pallonenin rəsmi vebsaytında dərc olunan açıqlamada deyilir ki, o, Dövlət Departamentinin səyləri nəticəsində fiziki zərər almaqdan qaçınıb.
ABŞ Konqresinin Erməni Məsələləri üzrə Kokusunun həmsədri olan Nyu Cersidən konqresmen Pallone Ermənistana dəstəyi ilə tanınır və Azərbaycanı Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə siyasəti yürütməkdə ittiham edib.
“Prezident Əliyevin ABŞ Konqresinin üzvlərini susdurmağa, hətta bağlı qapılar arxasında belə insan haqları və erməni xalqı üçün ədalətə dair tənqidi müzakirələrin qarşısını almağa çalışması çirkin və görünəndir,” Pallone bildirib.
“Əliyevin, mənim, Senator [Ed] Markinin və digərlərinin #COP29-da iştirakına mane olmaq üçün zorakı etirazlar təşkil etməsinə baxmayaraq, mən Ermənistanın ərazi suverenliyi, erməni əsirlərin azad edilməsi və regiona sakitlik gətirən sülh sazişi uğrunda mübarizəni davam etdirəcəyəm,” Pallone X hesabında bildirib.
Frank Pallone və Ed Marki oktyabrın 3-də dövlət katibi Antoni Blinkenə məktub ünvanlayaraq, Azərbaycanın kobud insan hüquqları pozuntularına qarşı çıxmağa və COP29 sammitində öncə islahatlara çağırış etməyə çağırıb.
“Pallone və Marki ümid edirdilər ki, COP29 Azərbaycan rəsmiləri ilə Ermənistanla sülh razılaşmasına gətirib çıxaracaq konstruktiv dialoq üçün fürsət olacaq, lakin onların ümidləri Prezident Əliyev tərəfindən puça çıxarıldı,” Pallonenin rəsmi səhifəsindəki açıqlamada deyilir.
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev X sosial platformasında konqresmen Pallone və senator Markinin ABŞ-a qayıtdıqdan sonra verdiyi açıqlamalarda “nəticələrin erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim etdiklərini” bildirib.
O, senator Ed Marki ilə onun xahişi ilə görüşdüyünü və ona “Ermənistanın 30 illik işğalı və bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığı müddətdə nə onun, nə də onun həmkarlarının ədaləti xatırlamadıqlarını” bildirdiyini qeyd edib.
COP29 konfransında ev sahibliyi edən Azərbaycana çox sayda xarici nümayəndə heyətləri gəlib. Bunların sırasında ABŞ nümayəndələri, o cümlədən ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta, energetika naziri Cennifer Qranholm və kənd təssərrüfatı naiziri Tomas Vilsak var.