Ukrayna ordusu ilk dəfə olaraq Rusiya ərazisinə zərbə endirmək üçün ATACMS-dən istifadə edib

ABŞ Ordusu əsgərləri White Sands Raket Poliqonunda ATACMS-nin (Ordu Taktiki Raket Sistemi) canlı atəş sınağını keçirir, Nyu Meksiko, 14 dekabr 2021. (John Hamilton/ABŞ Ordusu AP vasitəsilə)

Ukrayna hərbçiləri noyabrın 18-nə keçən gecə Rusiya ərazisinə - Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı sursat anbarına zərbələr endirmək üçün ilk dəfə uzaqmənzilli ATACMS raketlərindən istifadə edib.

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Bryansk vilayətindəki obyektə 6 ATACMS ballistik raketi ilə hücum etdiyini bildirib. Nazirliyin məlumatına görə, onlardan beşi vurulub, biri zədələnib. Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, zədələnmiş raketin hissələri hərbi obyektin texniki ərazisinə düşüb və yanğın söndürülüb. "Tələfat və dağıntı yoxdur", nazirliyinin açıqlamasında deyilir.

Daha əvvəl RBK-Ukrayna nəşri Ukrayna Silahlı Qüvvələrindəki mənbəyə istinadən ATACMS-in Karaçev şəhəri yaxınlığındakı sursat anbarına zərbə endirməsi barədə yazıb, oxşar məlumatları adı açıqlanmayan mənbəyə istinadən "Censor.net" nəşrinin baş redaktoru Yuri Butusov da verib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı noyabrın 19-da səhər saatlarında Bryansk vilayətindəki arsenala zərbə endirdiyini rəsmən elan edib. Məlumatda hansı silahdan istifadə edildiyi qeyd edilməyib.

Bu arada Bayden administrasiyası Kyivin Rusiyaya zərbə endirmək üçün ATACMS-dən istifadə etməsinə icazə verilməsi ilə bağlı xəbərləri təsdiqləməyib. "Mən bu kimi əməliyyatlarla bağlı məsələlərə gəldikdə ABŞ-ın yardımı ilə bağlı qəbul edilmiş və ya edilməmiş hər hansı qərarı təsdiq etmirəm. Rusiyadan verilən şərhlərə gəlincə, yanğın Rusiyanın Ukraynaya müdaxiləsi ilə başladılıb", ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Conatan Fayner deyib.

Kreml ATACMS raketlərinin Rusiya ərazisinə zərbələri ilə bağlı xəbərlərə reaksiya verərək bildirib ki, "bu, gərginliyin yeni mərhələsidir və ABŞ-ın bu münaqişədə iştirakı nöqteyi-nəzərindən yeni vəziyyətdir".