Avropa Şurası Azərbaycana milli azlıqların hüquqlarının qorunması ilə bağlı tövsiyələr ünvanlayıb

Avropa Şurası

Avropa Şurasının milli azlıqların qorunması ilə bağlı yeni rəyində Azərbaycanda bu sahədə ümumi vəziyyət təqdir edilsə də, bir sıra çatışmazlıqların mövcud olduğu vurğulanır. Rəsmi Bakı isə rəydə yer alan bəzi mülahizələrin əsassız olduğunu və reallıqları dəqiqliklə əks etdirmədiyini deyir.

Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Məşvərət Komitəsi noyabrın 18-də dərc etdiyi Azərbaycanla bağlı beşinci dövrü rəyində qeyd edir ki, çoxmillətli ölkə kimi Azərbaycan etnik, mədəni, dil və dini tolerantlığı və hörməti təbliğ etməyə çalışır, milli azlıqlara mənsub şəxslərin hüquqları Konstitusiyada və multikulturalizm siyasəti çərçivəsində qorunur.

Bundan əlavə, sənəddə milli azlıqların mədəniyyətlərinin həm dövlət, həm də yerli səviyyədə qeyd olunduğu, dini tolerantlıq və dinlərarası dialoqun hökumətin gündəmində əsas yer tutduğu vurğulanır.

Ancaq Məşvərət Komitəsi hesab edir ki, bütün bunlar ölkədə hüquqların tam və səmərəli bərabərliyini təmin etmək üçün kifayət deyil.

“Azərbaycanda insan hüquqlarının, demokratiyanın və qanunun aliliyinin ümumi vəziyyəti böyük narahatlıq mənbəyi olaraq qalmaqdadır. İfadə, toplaşmaq və birləşmək azadlıqlarına qoyulmuş məhdudiyyətlər milli azlıqlara mənsub şəxslərin öz hüquqlarından, o cümlədən azlıqların hüquqlarından səmərəli şəkildə istifadə etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırır”, Komitə qeyd edib.

Rəydə vurğulanır ki, qeyri-hökumət təşkilatları, media və siyasi partiyalar haqqında qanunlar media azadlığını məhdudlaşdırır, ifadə və birləşmək azadlığını pozur. Milli azlıqlara mənsub şəxslər də daxil olmaqla, vətəndaş cəmiyyəti nümayəndələrinin, hüquq müdafiəçilərinin, jurnalistlərin və fəalların həbslərinin davam etməsi ilə bağlı məlumatlar vətəndaş cəmiyyətinə qarşı ümumi düşmənçilik mühitindən xəbər verir və milli azlıqlara mənsub şəxslərin hər hansı vətəndaş fəallığına çəkindirici təsir göstərir.

SEE ALSO: Avropa Şurasının İnsan Hüquqları Komissarı Prezident Əliyevə məktubunda həbslərlə bağlı narahatlıq ifadə edib

Bundan əlavə, azlıqların hüquqlarının müdafiəsi, o cümlədən ayrı-seçkiliyə yol verilməməsi, dil hüquqları və təhsil sahələrində hələ də müfəssəl qanunvericiliyin mövcud olmaması vurğulanır.

Müəlliflər Azərbaycanda bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi qanunla təmin edilsə də, etnik, dil və ya dini əsaslı ayrı-seçkilik, mümkün sosial-iqtisadi və ya gender bərabərsizlikləri haqqında məlumatların sistematik şəkildə toplanmadığını və bu yöndə məqsədyönlü siyasətin həyata keçirilmədiyini deyir.

Məşvərət Komitəsi bu rəyində ilk dəfə olaraq Qarabağ bölgəsindəki vəziyyəti dəyərləndirib. Beşinci monitorinq dövrü ərzində Azərbaycan Qarabağa nəzarətini bərpa edib və 100 mindən çox erməni əhali bölgəni tərk edib.

Müəlliflər vurğulayır ki, Qarabağ münaqişəsi kontekstində Ermənistan Respublikasına qarşı güclü ictimai düşüncə mövcuddur və bu, etnik ermənilərə qarşı münasibətə birbaşa təsir edir.

“Təhlükəsiz qayıdış, əmlakın geri verilməsi və ya kompensasiyanın ödənilməsi imkanlarının təmin edilməsi, erməni mədəni və dini irsinin qorunması, azlıqların hüquqlarının səmərəli şəkildə təmin edilməsi və həqiqi etimad və barışıq prosesinin təşviq edilməsi gələcəkdə dinc birgə yaşayışın əsaslarının yaradılması üçün vacib olacaq”, Komitə qeyd edib.

Məşvərət Komitəsi hökumətə ünvanladığı tövsiyələrində dövlət qurumlarını bütün erməni dini və mədəni abidələrini inventarlaşdırmağa və mühafizə etməyə, vandalizm halları ilə bağlı bütün iddiaları araşdırmağa, erməni icmasına mənsub olan şəxslərə qarşı dözümsüzlüyün və etnik nifrətin yayılmasının qarşısını almağa, ermənilərin təhlükəsiz şəkildə qayıtması üçün şərait yaratmağa və mülkiyyət məsələləri ilə məşğul olmaq üçün xüsusi mexanizm yaratmağa çağırıb.

Rəsmi Bakı məsələ ilə bağlı şərhində qeyd edir ki, Konvensiyanın həyata keçirilməsində hökumətin göstərdiyi səylərin qeyd edilməsinə baxmayaraq, rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsi Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar doğurur.

Rəydə “bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə” diqqət yetirilmədiyini bildirən Azərbaycan Xarici İşlər Nazirliyi, xüsusən də Komitənin “digər etnik qruplara etinasızlıq göstərildiyi halda, erməni etnik qrupunu diqqət mərkəzində saxlayan seçici yanaşması” ilə bağlı narahatlıq ifadə edib.

“Postmünaqişə dövrü üçün nəzərdə tutulan həssas səylərin planlaşdırma mərhələsində olduğu bir məqamda Məşvərət Komitəsi mühakimə yürütməyə tələsməməli və kifayət qədər kövrək olan prosesə əngəl törətməmək məqsədilə lazımi qədər ehtiyatlı davranmalı idi”, Nazirliyin şərhində vurğulanır.

Bakı bəyan edib ki, vətəndaşları üçün insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi, layiqli yaşayış səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycanda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib və hazırda da həyata keçirilir.