Bayden ilk dəfə olaraq Ukraynanın ABŞ-ın verdiyi uzaqmənzilli raketlərdən Rusiyada istifadə etməsinə razılıq verib

Məsələ ilə tanış olan mənbələrin bildirdiyinə görə, prezident Co Bayden ilk dəfə olaraq Ukraynanın ABŞ-ın verdiyi uzaqmənzilli raketlərdən Rusiya daxilində zərbələr endirməsinə razılıq verib.

Qərar ABŞ-ın siyasətində böyük dəyişiklikliyi əks etdirir və Baydenin vəzifəsini tərk etmək ərəfəsində olduğu və yeni seçilmiş prezident Donald Trampın Amerikanın Ukraynaya dəstəyini məhdudlaşdıracağına və müharibəni mümkün qədər tez bitirəcəyinə söz verdiyi vaxta təsadüf edir.

Qərar həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya hərbi obyektlərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə icazə verilməsi ilə bağlı aylardır etdiyi müraciətdən sonra verilib.

Mənbələrdən birinin bildirdiyinə görə, silahlardan Şimali Koreyanın Rusiya prezidenti Vladimir Putinin Ukraynaya müdaxiləsini dəstəkləmək üçün Rusiyaya minlərlə hərbçi göndərmək qərarına cavab olaraq istifadə olunacağı ehtimal edilir.

İctimaiyyət üçün məsələni açıq müzakirə etmək səlahiyyətinə malik olmadıqları üçün məsələ ilə tanış mənbələr adlarının açıqlanmaması şərti ilə danışıblar.

Bəzi ABŞ rəsmiləri uzaq məsafədən zərbələrə icazə verilməsinin müharibənin ümumi gedişatını dəyişəcəyinə şübhə ilə yanaşsalar da bu qərar Rusiya qüvvələrinin üstünlük əldə etdiyi zaman Ukraynaya kömək edə və potensial atəşkəs danışıqlarında Kyivin mövqeyini yaxşılaşdıra bilər.

Rusiya xəbərdarlıq edib ki, Ukraynanın Amerika silahlarından istifadəsi üçün qoyulan məhdudiyyətlərin yumşaldılması ciddi eskalasiya kimi qiymətləndiriləcək.