Rusiya Ukraynanın enerji infrastrukturunu hədəf alan kütləvi dron və raket hücumu keçirib

Ukrayna Fövqəladə Hallar Xidmətinin təqdim etdiyi bu fotoda fövqəladə hallar xidmətinin əməkdaşları Rusiyanın Ukraynanın Poltava vilayətində raket hücumundan sonra baş vermiş yanğını söndürməyə çalışdığı göstərilir, 17 noyabr 2024.

Rusiya bazar günü Ukraynaya kütləvi dron və raket hücumu həyata keçirib. Rəsmilərin son aylarda ən genişmiqyaslı adlandırdığı hücum ölkənin enerji infrastrukturunu hədəf alııb və dinc sakinlərin ölümünə səbəb olub.

Hücum Moskvanın soyuq qış ayları ərəfəsində Ukraynanın elektrik enerjisi istehsalı gücünü sarsıtmaq niyyəti ilə bağlı artan narahatlıqlar fonunda baş verib.

Prezident Volodimir Zelenski bildirib ki, Rusiya Ukrayna ərazisinə kütləvi hücumda ümumilikdə 120 raket və 90 dron atıb. Onun sözlərinə görə, İran istehsalı olan “Şahed” dronları da daxil olmaqla, müxtəlif növ dronlar, həmçinin qanadlı, ballistik və təyyarədən buraxılan ballistik raketlərdən istifadə edilib.

Zelenski Telegram kanalında mesajında Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin 140 hədəfi vurduğunu bildirib.

“Düşmənin hədəfi Ukraynanın hər yerində bizim enerji infrastrukturumuz olub. Təəssüf ki, zərbələr və dağıntılar nəticəsində obyektlərə ziyan dəyib. Mikolayivda dron hücumu nəticəsində iki nəfər ölüb, ikisi uşaq olmaqla altı nəfər yaralanıb”, Zelenski bildirib.

Yerli qubernator Oleh Kiper hücum nəticəsində enerji infrastrukturuna zərər vurulduğu, elektrik və su təchizatının kəsildiyi Odessa bölgəsində daha iki nəfərin öldüyünü bildirib.

Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhii Popkonun sözlərinə görə, dronlar və raketlərlə birgə hücum son üç ayda ən şiddətli hücum olub.

Moskvanın 2022-ci ilin fevralında qonşu ölkəyə genişmiqyaslı müdaxiləsindən sonra Rusiyanın zərbələri nəticəsində Ukraynanın enerji infrastrukturunun sarsılması elektrik enerjisinin dəfələrlə kəsilməsinə və ölkə miqyasında işıqların kəsilməsinə səbəb olub. Ukrayna rəsmiləri davamlı olaraq Qərb müttəfiqlərini hücumların qarşısını almaq və təmir işləri aparmaq üçün ölkənin hava hücumundan müdafiəsini gücləndirməyə çağırıblar.

Yerli məlumatlara görə, bazar günü Ukraynanın hər yerində, o cümlədən paytaxt Kyivdə, əsas cənub limanı olan Odessada, eləcə də ölkənin qərb və mərkəzi rayonlarında partlayış səsləri eşidilib.

Polşa silahlı qüvvələrinin operativ komandanlığı X platformasında Polşanın və müttəfiqlərinin qırıcı təyyarələr də daxil olmaqla, təyyarələrinin Rusiyanın qonşu Ukraynaya “kütləvi” hücumu ilə əlaqədar Polşa hava məkanında səfərbər edildiyini yazıb. Bu addımların Polşanın sərhədyanı ərazilərində təhlükəsizliyin təmin edilməsinə yönəldiyi bildirilib.

Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Popkonun sözlərinə görə, şəhərin tarixi mərkəzində beşmərtəbəli yaşayış binasının dam örtüyünün alovlanması nəticəsində bir nəfər xəsarət alıb.

Özəl enerji şirkəti DTEK tərəfindən idarə olunan istilik elektrik stansiyasına “ciddi ziyan dəydiyi” bildirilib.