İsrail Prezidenti İsaak Hersoqun Bakıda keçirilən COP29 iqlim konfransında iştirak üçün qabaqcadan elan edilmiş səfəri ləğv edilib.
İsrail mediası prezidentin ofisinə istinadən yazıb ki, səfərin ləğvinin səbəbi kimi situasiyanın qiymətləndirilməsindən sonra "təhlükəsizlik mülahizələri" göstərilib.
Bununla yanaşı, noyabrın 11-də başlayan COP29 konfransında İsrailin ətraf mühitin mühafizəsi, energetika və nəqliyyat nazirliklərini təmsil edən üç nazir və onlarla məmur iştirak edir.
Azərbaycanın hökumətə yaxın hesab edilən caliber.az saytı yazır ki, intensiv diplomatik səylərə baxmayaraq, Türkiyə İsrail Prezidentinin təyyarəsinə uçuş üçün hava dəhlizi verməkdən imtina edib.
Bakıda keçirilən konfransda iştirak edən israilli nazirlər isə kommersiya uçuşlarından istifadə etməklə Gürcüstandan keçməklə alternativ marşrutlar seçiblər.
Noyarbın 12-13-də Bakıda COR29 konfransının liderlər sammitinin keçirildiyi zaman Prezident Hersoq ABŞ-da səfərdə olub.
On minlərlə iştirakçının və iki yüzə yaxın dünya liderinin iştirak etdiyi COP29 konfransına hazırlıq çərçivəsində Azərbaycan misilsiz təhlükəsizlik tədbirləri görüb.
COP 29-da İsrail pavilyonu fəaliyyət göstərir. Bununla yanaşı COP29-un keçirildiyi məkanda bir qrup fəal İsrail Ordusu tərəfindən öldürülmüş minlərlə fələstinlinin xatirəsi yad edilən dinc aksiya keçirilib. Aksiyada öldürülən fələstinlilərin adları əks olunan siyahı nümayiş etdirilib və onların adları oxunub.