Noyabrın 16-da Bakıda COP29 çərçivəsində ilk dəfə rəqəmsal texnologiya və süni intellektin iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli rolunu vurğulamaq üçün Rəqəmsallaşma Günü təşkil edilib.
Günün sonunda 90-dan çox hökumət və rəqəmsal texnologiya cəmiyyətinin 1 000 nümayəndəsinin dəstəklədiyi Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin imzalanması olub.
Yeni plan iqlim böhranı ilə mübarizədə rəqəmsal texnologiyaların geniş istifadəsini nəzərdə tutur. Bu da infrastrukturun dayanıqlılığını artırmağa və karbon izini azaltmağa imkan verəcək.
Rəqəmsallaşma Gününə həsr olunmuş mətbuat konfransında çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın bu sahədə gördüyü işlərdən danışıb. Onun sözlərinə görə, əsas layihələrdən biri Bakının "rəqəmsal əkizi"nin yaradılması olub.
Nəbiyev bildirib ki, paytaxtda emissiyaların azaldılması və havanın keyfiyyətinin yaxşılaşdırılması üçün nəqliyyat sistemləri və mobil cihazlardan alınan məlumatlardan istifadə edilir.
“Azərbaycanın dayanıqlı "yaşıl" gələcəyinə aparan yol texnoloji innovasiyalarla sıx bağlıdır. Biz qətiyyətlə inanırıq ki, rəqəmsallaşma təkcə unikal landşaftlarımızı və biomüxtəlifliyimizi qorumaq üçün deyil, həm də səmərəliliyi və dayanıqlılığı artırmaq üçün vacibdir", o qeyd edib.
Nazirin sözlərinə görə, son yeddi ay ərzində Azərbaycan metroda, avtobuslarda, videomüşahidə kameralarında və başqa altı milyard obyektdən məlumatları toplayan platforma yarada bilib.
"Bu, real vaxt rejimində rəqəmsal qərarlar qəbul etməyə imkan verir. Platforma nəqliyyatın işini optimallaşdırır ki, bu da emissiyaların azaldılmasına müsbət təsir göstərir. Rəqəmsal həllər həmçinin yollarda sıxlığı azaltmağa və paytaxtda havanın keyfiyyətini yaxşılaşdırmağa kömək edir", o bildirib.
Mətbuat konfransında, həmçinin COP29-un baş danışıqçısının müavini Samir Becanov, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibinin müavini Tomas Lamanauskas və digər rəsmi şəxslər çıxış ediblər.