Noyabrın 15-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilən tədbirdə professor Qubad İbadoğlunun qızı, hüquqşünas Jalə Bayramova Sergey Maqnitski adına Qlobal İnsan Haqları Mükafatına layiq görülüb. O, atasının müdafiə kampaniyasını apardığına görə "Görkəmli Gənc Hüquq Müdafiəçisi" mükafatı ilə təltif edilib. Jalə Bayramova Qlobal Maqnistki Mükafatına layiq görülən ilk azərbaycanlıdır.
Mükafat alanlar arasında rusiyalı mərhum müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da var. Yuliya Navalnaya mükafatı azad və demokratik Rusiya üçün missiyanın irəliləyişində göstərdiyi sücaətə görə "Alov altındakı cəsarət" kateqoriyası üzrə alıb.
ABŞ senatoru Benjamin Kardin ABŞ-ın Qlobal Maqnitski İnsan Hüquqları Hesabatlılığı Aktının qəbul edilməsində mühüm roluna görə "İnsan Hüquqları Müdafiəçisi Ömürlük Nailiyyət" kateqoriyası üzrə mükafata layiq görülüb.
Maria Korina Maçado Venesuelada demokratik islahatların uğrunda cəsarətli mübarizəsinə görə "Görkəmli Siyasi Müxalifət Xadimi" kateqoriyası üzrə mükafatla təltif olunub.
Brandon Silver Qlobal Maqnitski mükafatını siyasi məhbusları azad etmək və bütün dünyada girovların xilasını dəstəkləmək üçün apardığı sarsılmaz mübarizəyə görə mükafata layiq görülüb.
Zəhra Coya təhlükəli şəraitdə əfqan qadınlarının hekayələri haqqında cəsarətli reportajlarına görə "Görkəmli Jurnalist" mükafatını alıb.
Maqnitski Mükafatı 2015-ci ildə "Hermitage Capital" fondunun rəhbəri Uilyam Brauder tərəfindən təsis olunub.
Qlobal Maqnitski Mükafatı hər il cəsarətli jurnalistlər, siyasətçilər və hüquq müdafiəçilərinə verilir.