Noyabrın 15-də "Abzas Media"nın direktoru, hazırda həbsdə olan Ülvi Həsənlinin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasına və Penitensiar Xidmətə qarşı apellyasiya şikayəti təmin olunmayıb.
Hakim Zamin İbrahimovun sədrliyilə keçirilən prosesdə Penitensiar Xidmətdən və 1 saylı Bakı İstintaq Təcridxanasından nümayəndə iştirak etməyib.
Ülvi Həsənli məhkəmədə çıxış edərək bildirib ki, hazırda saxlanıldığı təcridxanada dözülməz vəziyyət yaranıb və minlərlə məhbus bu şəraitdə tutulur. Jurnalist özü və digər məhbuslarla bağlı olan bir neçə problemləri dilə gətirib:
"Azyaşlı körpəmlə görüşməyə icazə vermirlər. Şüşə arxasından belə həyat yoldaşımla danışanda içəridə 5-6 nəfər nəzarətçi yanımızda dayanıb danışığımızı dinləyir. Telefon danışıqlarımın hamısı dinlənilir, vəkillə isə ümumiyyətlə danışmağa icazə vermirlər. Yay aylarında dözülməz isti oldu, biz nə qədər dedik ki, "qarmoşka"nı açın, açmadılar".
Həsənlinin sözlərinə görə, bütün baş verənləri ictimailəşdirdikdən sonra Penitensiar Xidmətin Naib adlı əməkdaşı onu belindən vuraraq xəsarət yetirib. O, həyatı ilə bağlı təhdidlərlə üzləşdiyini bildirib.
"Təcridxanada su gündə 2 dəfə fasilələrlə verilir və buna görə çox çətin vəziyyət yaranır. Saxlanıldığımız korpusda məhbuslara işgəncə verirlər və biz onların qışqırtısını, iniltisini eşidirik", deyə, jurnalist qeyd edib.
Penitensiar Xidmətdən bildirilib ki, həbs olunmuş şəxslərin maraq və qanuni mənafeləri qorunur.
"Abzas Media" işi ilə bağlı nə baş verib?
"Abzas Media" ilə bağlı cinayət işi üzrə saytın direktoru Ülvi Həsənli ötən ilin noyabrın 20-də həbs olunub.
İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilib.
Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı həbs olunub.
Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub.
Mayın 30-da isə "Abzas Media" işi üzrə iqtisadçı və "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə saxlanılıb. İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Mehralızadə məhkəmədə təqsiri olmadığını və "Abzas Media" ilə heç bir işgüzar fəaliyyətinin olmadığını deyib.
Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.
Bu ilin avqust ayında isə "Abzas Media işi" üzrə həbs olunanlara qarşı 7 maddə ilə əlavə ittihamlar irəli sürülüb. Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1-ci, 193-1.3.2-ci, 206.4-cü, 320.1-ci və 320.2-ci, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) maddələri ilə ittiham olunurlar.
Sentyabrın 9-da "Abzas Media işi" üzrə həbsdə olan şəxslərin ibtidai istintaqının yekunlaşdırıldığı bildirilir.
"İndi bütün təqsirləndirilən şəxslər və onların vəkilləri ayrı-ayrılıqda istintaq materialları ilə tanış olacaq. Daha sonra iş baxılması üçün məhkəməyə göndəriləcək", vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib.
Həmin iş üzrə bir sıra vətəndaş cəmiyyəti nümayəndəsi müxtəlif vaxtlarda Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib, daha sonra sərbəst buraxılıblar.
Həbs olunanların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.
Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.
Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.