Ukraynanın cənubundakı liman şəhəri Odesaya Rusiyanın endirdiyi zərbə nəticəsində mənzillərdə yanğın baş verib, minlərlə insan istiliksiz qalıb. Hücum bir nəfərin ölümünə və 10 nəfərin yaralanmasına səbəb olub.
Odesa meri Gennadiy Truxanovun sözlərinə görə, cümə axşamı gecə Qara dəniz sahilində yerləşən şəhərə endirilən zərbələr yaşayış binalarına, istilik sisteminə, kilsələrə və təhsil müəssisələrinə ziyan vurub.
Truxanov cümə günü səhər saatlarında hücum zamanı pəncərənin yanında yatmış 35 yaşlı qadının öldüyünü bildirib.
Ukraynanın Fövqəladə Dövlət Xidməti bir nəfərin öldüyünü təsdiqləyib və ikisi uşaq olmaqla daha 10 nəfərin yaralandığını bildirib.
Bir neçə yerdə yanğınlar baş verib və tez bir zamanda söndürülüb. Əsas istilik kəməri zədələndiyindən, gecələr havanın temperaturu şaxtaya çatdığı bir zaman on minlərlə insan soyuqda qalıb.
“40 mindən çox insan, eləcə də tibbi-sosial müəssisə istilikdən məhrumdur. Tibb müəssisələrində generatorlar və qızdırıcılar işləyir”, Truxanov Telegram platformasında paylaşıb.
Rusiya son vaxtlar Ukraynanın cənubuna hava hücumlarını artıraraq Odesa vilayətində mülki gəmilərə və liman obyektlərinə ziyan vurub, Kyiv isə Rusiyanın hərbi və enerji obyektlərinə hücumlarını gücləndirib.
Cümə günü səhər tezdən Ukrayna Hərbi Hava Qüvvələri qanadlı raketlər daşıya bilən altı Tu-95 bombardmançısının Rusiyadakı bazadan cənub-şərqə doğru getdiyini bildirib.
Bu arada Moskvanın Müdafiə Nazirliyi gecə ərzində Krım və Azov dənizi də daxil olmaqla sahilyanı rayonları hədəf alan hücumun qarşısını alaraq, 51 Ukrayna pilotsuz təyyarəsini zərərsizləşdirdiyini açıqlayıb.
Ukrayna indiyədək özünün ən sərt müharibə qışına hazırlaşır. Rusiya qoşunları ölkənin enerji istehsal sahələrinin bir hissəsini məhv edib və enerji obyektlərinə zərbələr endirməkdə davam edir.
Əvvəlki qışlarda milyonlarla ukraynalı mütəmadi olaraq işıqların kəsilməsinə dözür, sıfırdan aşağı şəraitdə istilikdən məhrum olurdu.
Belə bir zamanda Ukrayna qüvvələri şərqdə mövqelərini itirir, Kyivdə ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra xarici hərbi yardımın gələcəyi ilə bağlı narahatlıqlar artır.
Kyiv aylardır Qərb müttəfiqlərinə Rusiyanın şəhərlərə və kritik infrastruktura hücumlarının qarşısını almaq üçün daha çox hava hücumundan müdafiə sistemləri təmin etməyə çağırır.