Niderland Krallığı Azərbaycan prezidenti İlham Əliyevin COP29 zamanı bu ölkəyə qarşı səsləndirdiyi ittihamlarla bağlı bəyanat yayıb.
“Niderland Krallığı Azərbaycan prezidentinin COP29 zamanı səsləndirdiyi repressiyalarla bağlı əsassız fikirləri qəti şəkildə rədd edir”, Niderland Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır.
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində baş tutan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində çıxış edən İlham Əliyev Fransa və Niderlandı neokolonizmdə, bu ölkələrə məxsus dənizaşırı ərazilərdə insan hüquqlarının pozulmasında və ətraf mühitin korlanmasında ittiham edib.
“Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur”, Prezident Əliyev deyib.
İlham Əliyev əlavə edib ki, Niderlandın Aruba, Kurasao, Sint-Maarten, Boneyr, Sint-Estatius və Saba kimi müstəmləkələrinin xalqları XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər.
Niderland XİN isə qeyd edib ki, Krallıq Nizamnaməsinə əsasən Niderland Krallığı dörd muxtar və hüquqi bərabər dövlətdən ibarətdir: Aruba, Kurasao, Sint-Maarten və Niderland. Boneyr, Saba və Sint-Estatius isə xüsusi bələdiyyələr olaraq Niderlandın tərkibinə daxildir.
Nazirlik bunun adalarda keçirilən bir sıra referendum və məsləhətləşmələrin nəticəsi olduğunu, altı adanın hər birində vaxtaşırı demokratik seçkilərin keçirildiyini qeyd edib.
“Niderland iqlim hədəflərinə və bu COP-u müvəffəqiyyətlə həyata keçirməyə sadiq qalır. Bu baxımdan Niderland həmişə kiçik ada dövlətlərinin maraqlarının fəal müdafiəçisi olub”, bəyanatda vurğulanır.
Digər tərəfdən, Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Panye-Rünaşe noyabrın 13-də Əliyevin Fransa və Avropa ilə bağlı şərhləri qəbuledilməz olduğunu deyib və COP29-da iştirak etməyəciyini açıqlayıb.