Rusiya Kyivə raket və dronlarla hücum edib

Rusiya gecə saatlarında Ukrayna paytaxtı Kyivə raket və dronlarla hücum həyata keçirib. Şəhər sakinləri metro stansiyalarına sığınıb və hava hücumu xəbərdarlığı sirenaları saatlarla səslənib.

Kyiv Şəhər Hərbi Administrasiyasının rəhbəri Serhii Popko bildirib ki, Ukrayna qüvvələri bir neçə qanadlı və ballistik raketi və onlarla dronu məhv edib.

Ukrayna ordusunun çərşənbə günü Facebook səhifəsində yaydığı məlumatda bildirilir ki, hava qüvvələri tərəfindən zenit raketləri, strateji bombardmançıların qanadlı raketləri, “İskander-M” strateji raketləri və “Şahed” pilotsuz təyyarələri də daxil olmaqla, təxminən 96 müxtəlif “hava hücumu vasitəsi” aşkar edilib.

Rəsmilər bildirib ki, Kyiv yaxınlığındakı Brovarı bölgəsində vurulan dronun qalıqları 48 yaşlı kişinin yaralanmasına səbəb olub. Təcili yardım xidmətləri yanğınsöndürənlərin bir yerdə alovla mübarizə apardığını əks etdirən görüntüləri yayıb.

Rəsmilər bundan əlavə Xerson vilayətində dron hücumu nəticəsində 52 yaşlı qadının öldüyünü bildirib.

Hərbi hava qüvvələrinin ölkəyə hava hücumu xəbərdarlığı verməsindən sonra Kyivdə partlayış səsləri eşidilib.

“Putin hazırda Kyivə raket hücumu edir,” prezident aparatının rəhbəri Andrey Yermak Telegram sosial media platformasında Rusiya prezidenti Vladimir Putinə istinad edərək deyib.

Hücum ABŞ Dövlət Departamentinin sözçüsü Şimali Koreya əsgərlərinin ruslarla birlikdə döyüşməyə başladığını deməsindən sonra baş verib.

“10 mindən çox KXDR (Şimali Koreya) əsgəri Rusiyanın şərqinə göndərilib və onların əksəriyyəti uzaq qərbdəki Kursk vilayətinə köçürülüb. Və onlar orada Rusiya qüvvələri ilə birlikdə döyüş əməliyyatlarına başlayıblar,” mətbuat katibi Vedant Patel çərşənbə axşamı Vaşinqtonda keçirilən brifinqdə jurnalistlərə bildirib.

Pentaqonun mətbuat katibi general-mayor Pat Rayderin sözlərinə görə, ABŞ müdafiə naziri Lloyd Austin çərşənbə axşamı ukraynalı həmkarı Rustem Umerov ilə danışaraq “döyüş meydanının dinamikasını müzakirə edib və ABŞ-ın” Şərqi Avropa ölkəsinə təhlükəsizlik yardımı ilə bağlı “yeni məlumatları təqdim edib.”

Rayder deyib ki, “nazir prezident [Co] Baydenin Ukraynaya təhlükəsizlik yardımını artırmaq öhdəliyini bir daha təsdiqləyib.”

Pentaqon həmçinin Ukraynaya hərbi yardım üçün qalan pulun miqdarına da aydınlıq gətirib. Apreldə Konqres tərəfindən təsdiqlənmiş 4,3 milyard dollar, habelə yenidən hesablamalardan sonra qalan 2,8 milyard dollar da daxil olmaqla, Prezidentin xüsusi səlahiyyət çərçivəsində ayrılan yardım pulunda təxminən 7,1 milyard dollar qalıb.

Bundan əlavə, Ukraynanın Təhlükəsizliyinə Yardım Təşəbbüsü proqramı çərçivəsində təxminən 2,2 milyard dollar vəsait var. Rayder bir daha vurğulayıb ki, Birləşmiş Ştatlar Ukraynaya yardımı sürətləndirəcək və bütün mövcud vəsaitlərdən istifadə edəcək.

Rayder deyib ki, iki müdafiə lideri, hazırda əsasən Kursk vilayətinin qərbində olduğu qiymətləndirilən minlərlə Şimali Koreya əsgərinin orada olmasının fəsadlarından da danışıb.