Vaşinqtonun prezident Co Baydenin səlahiyyət müddətinin son günlərində Ukraynaya hərbi yardımı “artırmağın” yollarını axtarması fonunda, ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı Belçikanın paytaxtı Brüsselə yollanır.
Blinken Brüsseldən sonra Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının görüşləri üçün Perunun paytaxtı Limaya, ardınca isə dünyanın 20 ən böyük iqtisadiyyatının (G20) sammiti üçün Braziliyanın Manaus və Rio-de-Janeyro şəhərlərinə səfər edəcək. O, Peru və Braziliyada Baydenə qoşulacaq.
Amerikanın Səsinə adlarının anonim qalması şərtilə danışan və planlarla tanış olan mənbələrin məlumatına görə, prezident Bayden və Çin Prezidenti Şi Tsinpinin şənbə günü APEC sammiti çərçivəsində üzbəüz danışıqlar aparacağı, görüşün təxminən bir saat yarım davam edəcəyi gözlənilir.
Çərşənbə günü Blinken Ukraynaya davamlı dəstəyi koordinasiya etmək üçün NATO və Avropa İttifaqı həmkarları ilə müzakirələr aparacaq, prezident Bayden isə Ağ Evdə yeni seçilmiş prezident Donald Trampla görüşəcək. Rəsmilər Baydenin Trampdan Ukraynadan “üz döndərməməsini” istəyəcəyini deyib.
Şimali Koreyanın Rusiyanın Ukraynadakı müharibəsinə birbaşa dəstəyinin Blinkenin avropalı həmkarları ilə müzakirələri zamanı diqqət mərkəzində olacağı, habelə ABŞ rəsmilərinin APEC-dəki həmkarları ilə danışıqların gündəmində yer alacağı gözlənilir.
Ukrayna Şimali Koreya qoşunlarının Rusiyanın Kursk bölgəsində fəal şəkildə döyüş əməliyyatlarında iştirak etdiyini bildirib. Bu da bir sıra Avropa ölkələrinkn Rusiya ilə Şimali Koreya arasında artan hərbi əməkdaşlığı qınamalarına səbəb olub.
Bu arada, Ukrayna bazar ertəsi hava hücumlarına qarşı yüksək hazırlıq vəziyyətində qalın, ölkənin ali hərbi komandiri on minlərlə rus əsgərinin Ukraynanın bu ilin avqustunda ərazilər ələ keçirdiyi Rusiyanın Kursk bölgəsində irəliləməyə hazır olduğunu bildirib.
Xarici Əlaqələr Şurasının baş əməkdaşı Çarlz Kupçan Amerikanın Səsinə deyib ki, Tramp seçkiqabağı kampaniyası zamanı verdiyi xarici siyasət vədini yerinə yetirməyə, yəni “Ukraynada atəşkəsə vasitəçilik etməyə” cəhd edə bilər.
Bununla belə, Kupçan qeyd edib ki, “bu, ovəd etdiyi kimi asan olmayacaq... [Ukrayna Prezidenti Vladimir] Zelenskini və [Rusiya Prezidenti Vladimir] Putini ortaq məxrəcə gətirmək uzun vaxt aparacaq,” çünki münaqişə iki il yarımdan çoxdur davam edir.
Trampın siyasi müttəfiqləri gələcək administrasiyanın Krımı və Rusiya tərəfindən işğal olunmuş digər əraziləri geri qaytarmaqdansa, Ukraynada sülhün əldə edilməsinə üstünlük verəcəyinə işarə edib.
ABŞ-da prezident seçkilərindən sonra Dövlət Departamenti Blinkenin avropalı həmkarları ilə danışdığını bildirib. Onlar arasında Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrot, Almaniyanın xarici işlər naziri Annalena Baerbok və Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi və başqaları olub. Rəsmilər danışıqların Ukraynadakı vəziyyəti və Rusiyanın Şimali Koreya qoşunlarını Ukraynaya qarşı müharibəyə cəlb etmək qərarının doğurduğu nəticələr və təhdidləri əhatə etdiyini bildirib.
Blinkenin Brüsseldə gələcək görüşlərinsən öncə Avropa liderləri həmçinin cümə axşamı Budapeştdə keçirilən toplantında bir araya gəlib. Orada onlar transatlantik əlaqələr, Ukraynaya dəstək və Trampın keçən həftə ABŞ prezident seçkilərindəki qələbəsi fonunda digər aktual məsələləri müzakirə ediblər.