Vətəndaş cəmiyyəti nümayəndələri COP29 iştirakçılarına müraciət ünvanlayıblar

COP29-un Liderlər Sammiti (Mənbə: BMT)

Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti nümayəndələri ölkədəki insan hüquqlarının vəziyyətinə dair COP29 iştirakçılarına açıq müraciət ünvanlayıblar. Müraciətdə deyilir ki, qonaqların nəzərinə 2023-cü il noyabrın 20-dən Azərbaycanda ictimai-siyasi fəallara, müstəqil mediaya, vətəndaş cəmiyyəti nümayəndələri və təsisatlarına qarşı geniş həbslər dalğası aparıldığını çatdırmaq istəyirlər:

"Bu dönəm ərzində ölkədə insan hüquqlarının və medianın vəziyyəti pisləşmiş, 40-dan çox şəxs siyasi motivlərlə həbsə göndərilmişdir. Bunlardan savayı, 2019-cu ilin yanvarından konstitusiyaya ilə müəyyən edilmiş sərbəst toplaşmaq azadlığı de-fakto ortadan qaldırılmış, 2020-ci ilin martından isə ölkənin quru sərhədlərindən giriş-çıxışlar məhdudlaşdırılmışdır. 2023-cü ilin iyunundan ölkənin qərbində, Gədəbəy rayonunun Söyüdlü kəndində qızıl mədəninin tullantıları üçün su anbarının tikintisinə qarşı keçirilən etiraz aksiyası polislər tərəfindən güc tətbiq edilməklə dağıdılmış, bir nəfər həbs edilmiş, kəndə gələn jurnalistlər zorakılıqla kənddən çıxarılmışdır. Söyüdlü kəndi bir ildən çoxdur ki, blokadada saxlanılır".

Müraciəti ünvanlayanlar bildirirlər ki, COP29 tədbirinin Azərbaycanda keçiriləcəyi məlum olduqdan sonra ölkədəki mövcud avtoritar rejim müxalif fikirli insanları və alternativ səsləri susdurmağa başlayıb.

"Qısa müddət ərzində aparıcı müxalifət liderləri, insan haqları müdafiəçiləri, ictimai-siyasi fəallar və müstəqil media quruluşları, o cümlədən "AbzasMedia", "Toplum TV", "Kanal13" və vətəndaş cəmiyyəti təsisatı olan Demokratik Təsisatlar İnstitutu (IDI) rəhbər və əməkdaşları siyasi motivlərlə həbsə göndərilmişdir. Həbs edilənlərin məhkəmə istintaqı noyabr ayına, COP29 ərəfəsinə təsadüf etdiyindən, dekabra qədər təxirə salınmışdır. Yerli hüquq-müdafiə təşkilatlarının hesabatına əsasən hazırda ölkədə 319 siyasi məhbus var. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə siyasi məhbusların sayı 100-dən çox artmışdır", deyə, müraciətdə qeyd olunub.

Vətəndaş cəmiyyəti nümayəndələri bu ilin oktyabr ayında Avropa Parlamentinin COP29 ərəfəsində Azərbaycanda fəallara, jurnalistlərə və müxalifət liderlərinə qarşı güclənən repressiyaları pisləyən qətnamə qəbul etdiyini vurğulayıblar:

"COP29 tədbirinin iqlim dəyişikliyi ilə yanaşı həm də insan hüquqlarını əhatə edən tədbir olduğunu nəzərə alaraq, tədbirə təşrif buyuracaq nümayəndə heyəti üzvləri və qonaqlardan ölkədəki insan hüquqlarının mövcud vəziyyətinə toxunmalarını, həmçinin siyasi məhbusların ailələrinə baş çəkmələrini tələb edirik".

Hər il fərqli ölkələrin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı" (Conference of the Parties) noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakının Olimpiya stadionunda keçiriləcək.

Bundan əvvəlki tədbir isə COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub.

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. Bakıdakı COP29-da əsas mövzularının iqlim dəyişikliyinin təsirinin və iqlim dəyişikliklərinin təsirlərindən zərər görən ölkələr üçün nəzərdə tutulan maliyyələşməsi olacağı açıqlanıb.

Bir sıra beynəlxalq təşkilatlar bəyanatlarında Azərbaycanın COP29-a ev sahibliyi etdiyi dövrdə insan hüquqlarının vəziyyətinə, müstəqil jurnalistlərin həbsinə, eləcə də vətəndaş cəmiyyətinin məhvinə diqqət çəkib.

"Amnesty International" təşkilatı yaydığı sənəddə qeyd edir ki, Azərbaycana COP29-da sədrlik verildiyi andan etibarən müsbət dəyişiklik baş verməyib.

"Əslində, Azərbaycanda insan hüquqları sahəsində ağır vəziyyət 2023-cü ilin dekabrından etibarən daha da pisləşib. Hakimiyyət sammitdə "hamının səsinin eşidilməsini təmin etdiyini" iddia edir, amma bu il onlar ondan çox fəalı və jurnalisti təqib edib və iqlim böhranına qarşı mübarizə aparan əsas şəxsləri susdurub", hesabatda deyilir.

Son bir ildə ölkədə 20-yə yaxın jurnalist, ictimai fəal müxtəlif ittihamlarla həbs olunub.

Onların arasında korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli, kanalın əməkdaşı Müşfiq Cabbar, "III Respublika Platforması"nın spikeri Akif Qurbanov, "meclis.info" saytının rəhbəri İmran Əliyev, "III Respublika Platforması"nın qurucu heyət üzvü Ruslan İzzətli, "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin rəhbəri Anar Məmmədli və digərləri var.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, jurnalist və hüquq müdafiəçisi fəaliyyətlərinə görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Azərbaycan hakimiyyəti isə bir qayda olaraq tənqidi bəyanatlarla razılaşmır və onları qərəzli hesab edir. Eyni zamanda, insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.