Noyabrın 11-də "Kanal 11" İnternet Televiziyasının rəhbəri, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Teymur Kərimov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəməsinə etiraz etdiyini bildirib. Kərimov keçirilən məhkəmə prosesinin ədalətli olmadığını deyir.
Jurnalist ictimaiyyətə ünvanladığı məktubunda qeyd edib ki, o, hazırda 11 aydır təqsirsiz olaraq həbsdədir və 27 sentyabr tarixində məhkəmədə baş verənlərin pərdə arxasını ictimaiyyətin nəzərinizə çatdırmaq istəyir:
"Bütün həqiqətləri bilmədiyiniz qənaətindəyəm. Belə ki, bu ilin avqust ayının sonlarında Nərimanov Rayon Prokurorluğunun nümayəndəsi məndən izahat almaq üçün 1 saylı İstintaq Təcridxanasına gəlmişdi. Mən ona vəkilsiz izahat verməyəcəyimi bildirdim və saxlanıldığım korpusa geri qayıdarkən koridorda saxta cinayət işimi aparan şəxslə - Məcidov Akif Asif oğlu ilə qarşılaşdım. Aramızda belə bir dialoq yaşandı:
Məcidov: Nədir, yenə yazmağa başlamısan?!
Kərimov: Təqsirsiz olaraq həbs edilmişəm!
Məcidov (gülərək): Son məhkəməyə qədər 4 prosesin keçib, hansı ədalətdən danışırsan? Biz necə istəyirik, elə də olur!".
Kərimov məktubunda bildirir ki, o, həqiqətən də keçirilən heç bir məhkəmə prosesində ədalətin şahidi olmayıb.
"Mən susdum, o isə sözünə davam etdi. Bildirdi ki, bundan sonrakı proseslər də onların istədiyi kimi keçəcək. Əlavə etdi ki, mənimlə eyni maddə üzrə ittiham edilən İstək Totiyeva da proseslərin sonunda həbs ediləcək, bununla bağlı izahı isə mənə dediklərindən daha dəhşətli idi: "Biz ona yazıb verdiyimiz ifadəni əzbərləməsini tapşırmışdıq, o isə ifadənin əvvəlini deyib, sonunu yox. Buna görə onu da sənin aqibətin gözləyir". Dialoqumuz burada bitdi", deyə, jurnalist qeyd edib.
Kərimovun sözlərinə görə, 11 sentyabr tarixində zərərçəkmiş olaraq tanınan şəxslərdən biri - Leyla Almaszadə məhkəmədə ifadə verdi və öz ifadəsinə bildirdi ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Cavanşir adlı şəxs çağırıb, zərərçəkmiş kimi tanınacağını bildirib və onun müəssisəsi ilə bağlı verilmiş videonun silinəcəyinə dair söz verib:
"Bu ifadədən sonra cinayət işimin absurdluğu və saxtalığı daha da aydın olmağa başladı. Bundan sonra sözügedən qurumun son ümidi digər "zərərçəkmiş" Ələkbərov Fərrux Yaşar oğluna qalmışdı. Daha sonra məlumum olub ki, həmin ərəfələrdə Fərrux Ələkbərova dəfələrlə zəng vuraraq onun üçün hazırladıqları ifadəni məhkəmədə söyləməsini tələb ediblər. Sözügedən şəxs bundan imtina edib. 25 sentyabr tarixində isə mənimlə bağlı heç bir şikayət və ya tələbinin olmadığı barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə teleqram yollayır, ailə vəziyyətinə görə məhkəmə prosesinə gəlməyəcəyini bildirir. Teleqram məhkəməyə çatdıqdan sonra hakim Azad Məcidov müstəntiq Akif Məcidova zəng vuraraq, Fərrux Ələkbərovun məhkəməyə gəlməkdən imtina etdiyini xəbər vermək istəyərkən səhvən Ələkbərovun özünə zəng vurur və yuxarıda qeyd etdiyim sözləri şəxsin özünə deyir. Daha sonra yanlış şəxsə zəng vurduğunu anlayır və Fərrux Ələkbərova məhkəməyə gəlməyəcəyi təqdirdə onu Prokurorluğa şikayət edəcəyini bildirərək dəstəyi asır".
Jurnalist bildirir ki, həmin iş üzrə qanun hakimin istintaq orqanına, eləcə də istintaq orqanının zərərçəkmişlərə, şahidlərə və təqsirləndirilən şəxslərə zəng etməyini və ya iş məhkəməyə getdikdən sonra həmin orqana çağırlamağını qadağan edir.
"Buradan da məlum olur ki, bu iş istintaq orqanı və hakimi maraqlandıran saxta, siyasi sifarişli bir cinayət işidir. 25 sentyabr tarixində Fərrux Ələkbərov məhkəməyə yolladığı teleqramdan dərhal sonra dələduzluqda ittiham olunaraq, axtarışa verilib və 2 gün sonra Neftçala rayonundan polis müşayiəti ilə əleyhimə ifadə vermək üçün məhkəmə prosesimə gətirilib. Məhkəmədə başına gələnləri yox, ona öyrədilənləri danışan Ələkbərov, şəxsim və vəkilimin suallarına da hakim Azad Məcidovun məhkəmə zalında, hər kəsin gözü qarşısında açıq yönləndirməsi ilə "bilmirəm" , "xatırlamıram" , "unutmuşam" deyə cavablar verdi", deyə, Kərimov əlavə edib.
O qeyd edir ki, proses zamanı zərərçəkmiş kimi tanınan şəxsin vəkili mövqeyindən çıxış edən hakim bütün bunlar kifayət etmirmiş kimi (Fərrux Ələkbərov və təmsil etdiyi şirkəti nəzərdə tutaraq) "Bu kişilər Qarabağda su çəkirdi" ifadəsini işlətdi:
"Məgər, Qarabağda su borusu çəkmək qəhrəmanlıqdırmı və ya bir şəxs Qarabağda su borusu çəkdiyi üçün təqsirsiz bir insan barəsində əsassız bəyan vermək, onu şərləmək haqqına malikdirmi? Adı çəkilən şəxs isti evində yatarkən mən 27 sentyabr 2020-ci ildən etibarən Tərtər istiqamətində reportajlar hazırlamış, dostlarımla birgə şəxsi avtomobilimlə həmin ərazilərdən vətəndaşların təxliyyəsinə kömək etmişəm. Bərdə hadisələri zamanı çəkdiyim kadrlar nəinki Azərbaycan televiziyalarında Türkiyə də daxil olmaqla, dünyanın bir çox ölkəsində yayımlanıb. Bu müddət ərzində həm bir vətəndaş, həm də bir jurnalist olaraq etdiklərimi tək-tək sayaraq məsələdən çox haşiyəyə çıxmaq istəmirəm. Lakin, soruşmaq istəyirəm bu sətirləri oxuyan hər kəsdən... Soruşmaq istəyirəm ki, bu etdiklərim mənə haqq verirmi ki, kiminsə üzünə durum, haqqına girim və ya təqsirsiz olduğunu bildiyim insanın gözünün içinə baxa-baxa ona böhtan atım?!".
Jurnalistin sözlərinə görə, o, bu günədək dəfələrlə açıq məhkəmə proseslərində iştirak etsə də, özünün məhkəməsi kimi absurd məhkəmə görməyib.
"Təkcə Azərbaycanda yox, həmçinin, Almaniyada, Gürcüstanda və s. lakin, bu qədər absurd və ya daha dəqiq desək rəzil bir məhkəmə prosesi ilə rastlaşmamışam. Odur ki, mən bu cür məhkəmə prosesinə etiraz edirəm! Bu ədalət sisteminə etiraz edirəm!", deyə, Kərimov əlavə edib.
Məsələ ilə bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.
Jurnalist məhkəmədə bildirib ki, ona həbs olunan zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel") saat və tarixi qeyd olunmayan sənədlərə imza çəkdiriblər. Kərimov idarədə ona işgəncə verildiyini deyib.
Teymur Kərimov reportyor İstək Totiyeva ilə birlikdə mühakimə olunsa da, Totiyeva həbsdə deyil, məhkəmənin hökmünə qədər onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. İttihama əsasən, Teymur Kərimov onun rəhbərlik etdiyi kanalda reportyor olan İstək Totiyeva vasitəsilə Fərrux Ələkbərov və Leyla Almaszadə adlı şəxslərdən onlar haqqında materialların saytdan silinməsi üçün pul tələb edib və alıb. Jurnalist bu ittihamın yalan olduğunu, özünü təqsirli bilmədiyini deyib.
İddialarla bağlı aidiyyatı qurumlardan mövqe almaq mümkün olmayıb.
Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi "Kanal 11" İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində həbs qətimkan tədbiri seçib. Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü maddələri ittiham olunur.
Kərimov yerli hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.
Hazırda Azərbaycanda 20-dən çox jurnalist və bloger həbsədədir. Bir sıra yerli və beynəlxalq təşkilatlar, həmçinin ABŞ Dövlət Departamenti jurnalistlərin həbsi ilə bağlı bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıb.
Lakin Azərbaycan hakimiyyəti bu tənqidlərlə razılaşmır, ölkədə heç kimin siyasi baxışlarına və iradəsinə görə həbs olunmadığını bəyan edir.