Təbrizdə bir qadın asılıb, Həmədanda bir məhkum ictimaiyyət qarşısında edam edilib

Təbriz Mərkəzi Həbsxanası

Təcazvüzdə təqsirli bilinən bir kişi çərşənbə axşamı günü Həmədan şəhərində ictimaiyyət qarşısında edam edilib. Təbrizdə isə bazar günü bir qadın və bir kişinin ölüm cəzası şəhərin mərkəzi həbsxanasında tətbiq edilib.

İranın dövlət agentliyi IRNA təcavüzdə təqsirli bilinən Məhəmmədəli Səlamət adlı şəxsin edam hökmünün noyabrın 12-də səhər saatlarında ictimaiyyət qarşısında icra edildiyini bildirib.

İran mətbuatı Səlamətin 20 il ərzində 200-dən artıq qadın və qıza təcavüz etməkdə təqsirli bilindiyini yazıblar.

Norveçdə yerləşən İran İnsan Haqları (IHR) qrupu və HRA agentliyi kimi hüquq müdafiə mənbələrinin bildirdiyinə görə, Mahrux Xani adlı bir qadın və Kazım Babayi adlı bir kişinin edam hökmü bazar günü Təbrizin mərkəzi həbsxanasında icra edilib.

34 yaşlı Mahrux Xani və 45 yaşlı Kazım Babayi ayrı məhkəmə işlərində narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar ölüm cəzasına məhkum olunmuşdular.

IHR qrupunun saytında yazılanlara görə, “Mahrux Xani 4 il əvvəl narkotik maddə daşıdığına görə həbs edilmişdi. O, həbsdən öncə bir tikiş emalatxanasında çalışırmış.”