Birləşmiş Millətlər Təşkilatının illik iqlim konfransı (COP29) hazırda Bakıda keçirilir. Dünyanın müxtəlif ölkələrindən gələn rəsmilər 10 günə yaxın davam edən tədbirdə dünyanın qarşılaşdığı iqlim problemləri ilə mübarizədə atılmalı olan addımları müzakirə edəcəklər.
Bununla bərabər, Azərbaycanın neft istehsal edən ölkə kimi bu konfransa ev sahibliyi etməsi müxtəlif təşkilatların və fəalların tənqidinə səbəb olub.
Tədbirə ev sahibliyi edən Azərbaycan prezidenti İlham Əliyev dünya liderlərinin iki gün davam edəcək çıxışlarının açılışını edərkən Ermənistanı, Qərb xəbər mediasını, iqlim fəallarını və ölkəsinin zəngin neft və qaz tarixini və ticarətini vurğulayan tənqidçiləri qeyd edərək, onları ikiüzlü adlandırıb və ABŞ-ın dünyanın ən böyük neft istehsalçısı olduğunu bildirib. O deyib ki, Azərbaycan dünya neft və qazının 1%-dən azını istehsal etdiyi üçün onu “neft dövləti” adlandırmaq “ədalətli deyil”.
Your browser doesn’t support HTML5
Konfransın keçirildiyi məkanda jurnalistlərin suallarını cavablandıran Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu istiqamətdə olan tənqidlərə reaksiya verib.
"Burada İsveçrədən başqa, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkələr olub. Məsələnin digər tərəfi də budur ki, ümumiyyətlə qazıntı yanacaqları ilə əlaqədar bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü olan tərəflər qazıntı yanacaqlarının istifadəçisidir. Burada yenə də ucuz xarakterli populist elementləri görürük. Bu gün dünyanın real tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir. Təbii ki, iqlim dəyişikliklərinə mənfi təsir göstərir, ancaq bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan bir müzakirələr aparılmalıdır", o deyib.
Neft istehsalçısı olmaqla yanaşı, ölkənin insan hüquqları ilə bağlı durumuna görə də COP29-un Azərbaycanda keçirilməsi çoxlu tənqidlərə səbəb olub.