Ukrayna yüksək hazırlıq vəziyyətindədir, rus qoşunları Kurska yaxınlaşır

Ukrayna bazar ertəsi hava hücumlarına qarşı yüksək hazırlıq vəziyyətində olarkən, ölkənin ali hərbi komandanı on minlərlə rus əsgərinin Kursk bölgəsində irəliləməyə hazır olduğunu bildirib.

Ukrayna generalı Oleksandr Sırski Telegram mesajlaşma proqramında yazıb: "Hərbi rəhbərliyinin əmrini yerinə yetirərək, onlar bizim qoşunlarımızı çıxarmağa və nəzarət etdiyimiz ərazinin dərinliyinə doğru irəliləməyə çalışırlar".

Ukrayna avqust ayında sərhəd bölgəsində Kurska hücuma başlayaraq bir sıra şəhər və kəndləri nəzarətə götürüb.

Bu arada vilayət qubernatorları bildirib ki, Ukraynanın cənubundakı hava hücumları nəticəsində 5 nəfər Nikolayvda, 1 nəfər isə Zaporıjjyedə yaşayış binasının dağıdılması nəticəsində 6 nəfər həlak olub. Zapırijjyedə azı onlarla insan, o cümlədən 4-17 yaş arası beş uşaq yaralanıb.

Bundan əvvəl Ukrayna Hərbi Hava Qüvvələri çoxlu sayda bombardmançı təyyarənin Rusiyadan havaya qalxaraq Ukraynaya doğru getdiyini bildirərək irimiqyaslı raket hücumu üçün ölkəni yüksək hazırlıq vəziyyətinə gətirib.

"Hava xəbərdarlığı Tu-95MS strateji bombardmançı təyyarələrdən qanadlı raketlərin buraxılması ilə bağlıdır", Hərbi Hava Qüvvələri öz Telegram kanallarında bildirib.

Hücumlardan daha çox zərər görməmək üçün elektrik kəsilib və insanlar Kyiv metro stansiyaları da daxil olmaqla, sığınacaq axtarmağa təşviq edilib.

Bəzi ukraynalı hərbi blogerlərin fikrincə, Rusiya bombardmançıları raketlərin buraxılışını imitasiya edərək uçuşlar həyata keçirib.

Washington Post və Reuters xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıb və onu Ukraynada müharibəni qızışdırmamağa çağırıb.

Bazar ertəsi Kreml danışığın baş tutduğunu təkzib edib və Putinin Trampla danışmaq üçün konkret planının olmadığını bildirib.