Noyabrın 11-də Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb.
Tərəflər Konfransının 29-cu sessiyasının tədbirləri noyabrın 22-dək davam edəcək.
Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olub. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.
Rəsmi məlumata görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.
Açılış mərasimində COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçildiyini elan edib.
Muxtar Babayev bildirib ki, qlobal səviyyədə temperatur 3 dərəcəyədək artıb: “Bu isə fəlakətdən xəbər verir. Yeni müəyyənləşdiriləcək səylər özündə daha effektiv nəticələri ehtiva etməlidir. Burada söhbət 100 milyardlarla dollardan gedir”, o qeyd edib.
Sessiya müddətində bərpa olunan enerjiyə keçidin maliyyələşdirilməsi, iqlimə davamlılığın təkmilləşdirilməsi, plastik çirklənməyə son qoyulması, münaqişədən təsirlənmiş regionlara həssas yanaşmalar, Okeanların mühafizəsi, İqlimə uyğun ağıllı kənd təsərrüfatı və meşəçilik, iqlim fəlakəti ilə mübarizə və başqa çoxsaylı məsələlər müzakirə ediləcək.
COP29-da ABŞ hökuməti tərəfindən idarə olunan ABŞ Mərkəzi də fəaliyyət göstərir.
Konfrans boyu ABŞ Mərkəzində ABŞ-ın 20-dən çox departamenti, agentliyi və təşkilatından olan yüksək vəzifəli rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderliyini vurğulamaq və 2024-cü ildə güclü danışıqlar nəticələrinə nail olmaq üçün çoxsaylı tədbirlər təşkil edəcək.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunub. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.