Tramp Arizonada qələbə çalaraq, bütün mühüm ştatlarda qalib oldu

ABŞ televiziya şəbəkələrinin şənbə günü proqnozlaşdırdığına görə, Donald Tramp bu həftə ABŞ-da keçirilən prezident seçkilərində Arizona ştatında qalib gələrək, bütün yeddi mühüm ştatda Respublikaçıların qələbələrini tamamlayıb.

CNN və NBC tele kanalları böyük ispan əsilli əhalisinin olduğu cənub-qərb ştatında dörd günlük hesablamalardan sonra Trampın vitse-prezident Kamala Harrisi məğlub edərək, ştatın seçki kollegiyasının 11 səsini qazandığını proqnozlaşdırıb.

Vəzifəsindən gedəcək prezident Co Bayden 2020-ci ildə Arizonada az fərqlə, lakin mühüm qələbə qazanaraq, Trampın ilk dönəm hakimiyyətindən sonra onu məğlub etmişdi.

Trampın seçkilərdə həmçinin təxminən 4 milyon ümumi səslə qələbə çalaraq qayıdığının miqyası və gücü məğlub olmuş Demokrat Partiyası tərəfindən şok kimi qarşılanıb.

Respublikaçılar artıq Senata nəzarəti bərpa ediblər və ağ fəhlə sinfinə mənsub seçicilərin və latın amerikalıların böyük bir hissəsinin dəstəyi sayəsində Nümayəndələr Palatasında əksəriyyətini qoruyub saxlamağa hazır görünürlər.

CNN Nümayəndələr Palatasında Respublikaçıların 213 yer qazandığını elan edib. Palatada çoxluq əldə etmək üçün 218 yer lazımdır.

Televiziya kanallarının məlumatları Demokratların 205 mandatı olduğunu göstərir. Buna baxmayaraq, yüksək səviyyəli partiya rəsmiləri hələ də Trampın səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq qələbə qazana biləcəklərinə ümid edirlər.

NBC tele kanalı Respublikaçıların 212, Demokratların isə 204 yer qazandığını bildirir.

Trampın prezidentlik yarışında qalib gəldiyi digər altı mühüm ştat Pensilvaniya, Viskonsin, Miçiqan, Şimali Karolina, Nevada və Corciyadır.